Teleqraf.com politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir:
- Rasim müəllim, İranda baş verən son terror hadisəsini kiçik xalqların “böyük qardaşa” etirazı, yoxsa qlobal güclərin əməli kimi dəyərləndirmək olar?
- Bu terror hadisəsini kimlərin hazırladığını dəqiq demək olmaz. Amma indi İran ətrafında, ələlxüsus Yaxın Şərqdə ciddi proseslər var, dəyişikliklər müşahidə olunur. Eyni zamanda Rusiya ilə ABŞ arasında rəqabət daha da kəskinləşib. Böyük ehtimalla deyə bilərik ki, İran daxilində müqavimət güclənir, ya da ABŞ hücuma keçib. Hər iki ehtimal həqiqətə yaxındır. Çünki İran uzun müddətdir ki, Yaxın Şərqdə baş verən proseslərdə aktiv iştirak edir. Həm də aydındır ki, İrandan gedib Suriyada, Fələstində vuruşanlar geri qayıdırlar. Belə şəxslər də məntiqlə terror hadisələri törədə bilər. Lakin baş verən hadisə bu tip cinayət olsaydı, İran xüsusi xidmət orqanı çoxdan ip ucu tapardı. Görünür ki, bu hadisə ABŞ tərəfindən hazırlanıb. Bütün hallarda deyə bilərik ki, İranda vəziyyət gərginləşir. İrana gedib-gələnlər də orada durumun gərgin olduğunu qeyd edirlər. Fikrimcə, İran daxilində hakimiyyət uğrunda da rəqabət gedir. Ehtimal edirəm ki, yaxın gələcəkdə İranda yeni dəyişikliklər müşahidə edilə bilər.
-Sizcə, Varşavada ABŞ və İsrail liderliyində keçirilən anti-İran konfransı nəyə xidmət edir?
- Bunlar eyni siyasi xətdir. İrana qarşı siyasət aparılır və ABŞ mümkün qədər daha geniş koalisiya yaratmağa, beynəlxalq diqqəti İrana yönəltməyə çalışır. Bir tərəfdən, İranın mənfi imici formalaşdırılır, digər tərəfdən İrana hədə-qorxu gəlinir. Görünən odur ki, İran ətrafında vəziyyət gərginləşib. ABŞ çalışır ki, Yaxın Şərqi ələ keçirsin və Rusiyanı oradan qovsun. Bu çox aydın görünür. SSRİ 1960-1970-ci illərdə Yaxın Şərqdə güclü idi. Həmin dövrdə SSRİ-nin Yaxın Şərqdə güclənməsi əslində Qərb ölkələri və SSRİ arasında tarazlıq yaratmışdı. O zaman ərəb coğrafiyasında Qərbə qarşı ciddi narazılıq hökm sürürdü. Bu ölkələrdə baş verən dəyişikliklərdə isə SSRİ müsbət rol oynayırdı. İndisə vəziyyət bir qədər fərqlidir.
- SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanan “Orta və qısa mənzilli ballistik raketlər” haqqında müqavilədən Vaşinqtonun birtərəfli qaydada çıxmasını necə qiymətləndirirsiniz?
- Rusiyanın silah bazarında irəli getdiyi sirr deyildi. Həm də son dövrlər belə xəbərlər yayılırdı ki, Rusiya silah istehsalına, onun keyfiyyətinə, zərbə gücünə görə artıq imkanlarını ABŞ-la bərabərləşdirib. Putinin danışıqlarından da görünürdü ki, özünü rahat və arxayın aparır. Ancaq sözsüz ki, ABŞ-ın güclü silah sənayesi var və bu sənaye dayana bilməz. Bu sənaye SSRİ ilə rəqabətdə inkişaf edirdi. SSRİ-nin süqutundan sonra bir qədər geriləmə oldu. İndi ABŞ bəyan edir ki, Rusiyanın belə silahı var, razılığa əməl etmir və s. Sonra da sözügedən müqavilədən çıxdığını elan etdi.
Hazırda Rusiyada vətənpərvərlik və millətçilik ruhu qalxır. Lakin siyasətçilər çalışırlar ki, ABŞ-ı əsəbləşdirməsinlər. Bu saat ABŞ hərbi sənayesini gücləndirir. Bu o deməkdir ki, ABŞ dünyanın müxtəlif regionlarında hücuma keçir. Sözsüz ki, Vaşinqtonun Rusiyaya hücum etmək kimi niyyəti yoxdur. Ancaq Rusiyanın ətrafına sahib olmaq, burada güclənməyi prioritet hesab edir. Əgər ABŞ buna nail olsa, vay Rusiyanın halına.
- Siz, ABŞ və Rusiya arasında kəskin hərbi qarşıdurma gözləyirsinizmi?
- Rusiya çalışacaq ki, belə bir qarşıdurmadan qaçsın. İndi Rusiyaya belə bir gərgin qarşıdurma lazım deyil. Çünki Rusiyada iqtisadi durum gərgindir. Onsuz da Putinin çıxışlarından belə anlaşılır ki, ondan sonra səhnəyə yeni qüvvələr, şəxslər gələcək. Məncə, Rusiyanın daxilində ciddi dəyişiklik baş verə bilər. Bu dəyişiklik baş versə, Putinin müəyyən etdiyi siyasətdə də dəyişiklik olacaq. Mümkündür ki, Putinin davamçısı onun yerinə keçəcək. ABŞ-da öz işinə görməyə çalışacaq. ABŞ istəyir ki, Rusiyanı iqtisadi baxımdan çökdürsün.
- Ancaq Putin yeni seçilib və hələ 4-5 il prezident kimi işinə davam edəcək...
- Rusiya kimi dövlət üçün bu müddət elə də böyük zaman deyil. Son zamanlar belə xəbərlər yayılır ki, Putinin səhhətində problem var və s. Əslində Putin sona qədər qalacaq və prezidentlik müddətini başa vurduqdan sonra sakitcə uzaqlaşacaq. Həm vəziyyət gərginləşir, həm də Putin yaşlanır. Bu da yeni rəhbər tələb edir. Putin demək olar ki, 2000-ci ildən siyasətə gəlib və artıq 20 ildir ki, ölkəyə rəhbərlik edir. Bu da az müddət deyil. Məncə, ABŞ çalışacaq siyasətdə Rusiya ilə bağlı niyyətləri həyata keçirsin, Rusiyanı iqtisadi baxımdan çökdürsün.
- Yəni heç bir halda Rusiya-Amerika hərbi qarşılaşması gözlənilmir?
- Rusiya buna getsə, məğlub ola bilər. Bir daha qeyd edirəm ki, Putinin ölkədə milli ruhu qaldırması təsadüfi deyil. Ondan əvvəl Yeltsin və Qorbaçov demokratiya məsəlini ortaya atdı. Onda ölkə təsadüfi insanların əlində qalmışdı. Putin bu məsələni aradan qaldırdı. Lakin Rusiya daxilən çox zəifdir. Bu da hərbçilərin, nazirlərin və siyasətçilərin çıxışlarında hiss olunur. ABŞ-dan savayı Avropa da var və onun da Rusiyaya qarşı hərəkətləri var. İndi Rusiya Ukrayna girdabından çıxa bilmir. Düzdür, Rusiyada millətçilər, vətənpərvərlər deyirlər ki, biz heç nədən çəkinmirik, biz nə istəyiriksə, edəcəyik, amma vəziyyət çox mürəkkəbdir.
- Siz, bu mübarizədən Rusiyanın geri çəkiləcəyini düşünürsünüz?
- Mən ehtimallarımı deyirəm. Ehtimal edirəm ki, ABŞ qarşıdurmanı davam etdirəcək, iqtisadi baxımdan Rusiyanın zəifləməsinə nail olacaq. Amma bu prosesin necə başa çatacağını demək çətindir. Ortada Çin, Qərbi Avropa var. Buna baxmayaraq, Rusiyanın da müəyyən üstünlükləri var. Rusiya ABŞ olmadan da yaşaya bilər. Rusiyanın durumu ağır olsa da, hakimiyyətdə ciddi qüvvələr var. Yəni Yeltsin Rusiyası deyil. İkincisi, tarixə diqqət etmək lazımdır. Həmişə belə olub, Rusiya zəifləyib, lap zəif hala düşüb və bu zaman çoxları Rusiyanı əldə etmək istəyib. Napoleondan tutmuş Hitlerə qədər. Amma bu qarşıdurma və müharibələr Rusiyanın xeyrinə başa çatıb, ölkə güclənib. Nəhayət, Rusiyada insanlar ABŞ və Qərbi Avropada olduğu kimi, yüksək şəraitdə yaşamayıb. Ruslar quru çörək və kartofla da yaşaya bilər. Mövzu hərbi müstəviyə gələndə rusların həm bu üstünlüyü var, həm də onlarda milli ruh çox güclüdür. Putin də milli ruhun qaldırılması üçün vacib işlər görüb. İndi Rusiya o qədər də zəifləməyib. Rəqiblər fikrimcə, rusların tarixini və mentalitetini daha yaxşı bilirlər.