Ölkədə elmə, təhsilə və bu sahədə çalışanlara dövlət qayğısı hər zaman prioritet məsələ olub. Prezident davamlı olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirən qərarlar verir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
O qeyd edib ki, fevralın 14-də Prezident İlham Əliyev tərəfindən imzalanmış yeni sərəncamlar elm və ali təhsil müəssisələrində təqaüdlərin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir:
“Həmin sənədlərə əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin artırılması nəzərdə tutulub.
Sosial humanizmin ən mühüm istiqamətlərindən biri kimi dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, göstəriciləri yaxşı olan bütün tələblərin təqaüdlərinin artırılması nəzərdə tutulub. Belə ki, elmlər doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 180 manat, eləcə də akademik göstəriciləri yüksək olan tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması elm və təhsilə marağın daha da stimulaşmasına, ölkəmizdə elm və təhsilin inkişafına mühüm töhfə verəcək”.
Deputat əlavə edib ki, cənab İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncamı da ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması baxımından çox önəmlidir:
“Həmin sərəncama uyğun olaraq, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16 min vahid artırılacaq. Bu sosial qayğı sayəsində təqaüd alan tələbələrin sayı növbəti ildə 31 faizdən 45 faizə, 2021-ci ildə 50 faizdən az olmayan səviyyəyə çatdırılacaq”.
A.Hüseynov qeyd edib ki, təhsilə olan yüksək diqqətin daha bir nümunəsi Prezident təqaüdünün artırılması ilə bağlı sərəncamın imzalanmasıdır:
“Həmin təqaüdlərin 185 manatdan 210 manata qaldırılması ali məktəblərə qəbulda daha yüksək nəticələr əldə etmək üçün rəqabəti artıracaq, ali təhsilə olan marağı stimullaşdıracaq”.