“Türkiyə, Rusiya və İran dövlət başçıları arasında Soçidə keçirilmiş görüş Suriya böhranından çıxmaq üçün göstərilən növbəti cəhdlərdən biri idi”.
Bunu Teleqraf.com-a politoloq Vüqar Zifəroğlu deyib.
Ekspertin sözlərinə görə, bu formatda keçirilən görüşləri məsələnin həll edilməsi üçün irəli atılmış addım hesab etmək olar:
“Suriya məsələsi elə mürəkkəb böhrana çevrilib ki, buradan bir, yaxud bir neçə görüşlə çıxış yolu tapmaq olmaz. Suriya regionda maraqları olan böyük güclərin toqquşduğu “düyün nöqtəsi”dir. Bu mənada, problemin həlli ilə bağlı əməli addım atmaq çox çətindir.
Amma bu cür görüşlər problemin yumşalmasına imkan yaradır. Problemi həll edəcək və düyünü açacaq bir sıra kilid nöqtələr var ki, bunlarla bağlı müzakirələr çox əhəmiyyətlidir.
Üçlü formatın gündəmində müzakirə olunan əsas məsələlər Suriyadakı mövcud vəziyyət, terrorizmə qarşı birgə mübarizənin təşkili, Suriya müxalifəti və Bəşər Əsəd rejimi arasında dialoqun təşkili və Türkiyənin təklif etdiyi təhlükəsizlik bölgəsinin yaradılmasıdır. Düşünürəm ki, bu məsələlərin müzakirəsi gələcəkdə Suriya böhranının həllinə təkan verə bilər”.
Vüqar Zifəroğlu bildirib ki, indiki halda əsas məqamlardan biri də ABŞ-ın Suriyadakı Silahlı Qüvvələrini nə vaxt çıxaracağı istiqamətində gedən müzakirələrlə əlaqədardır:
“Bu da çox önəmli məsələdir. Ankara, Moskva və Tehran bununla ciddi maraqlanır. Hesab edirəm ki, ABŞ-ın Suriyadan qoşunlarını çıxarması bölgədə yeni dinamika yarada bilər. Bu istiqamətdə də müzakirələrin aparılması mümkündür”.
Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentləri arasında Suriya böhranının həlli ilə bağlı dördüncü görüş fevralın 14-də Soçi şəhərində baş tutub.