“ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri, xüsusən də ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallaşan kimi, Rusiya hərəkətə gəlir. Bu fəallaşma da Rusiyanın Cənubi Qafqazla əlaqədar narahatlığından irəli gəlir”.
Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri belə deyib.
Onun sözlərinə görə, Rusiya bölgəyə əsas təsir mexanizmi olan Qarabağı digər həmsədr dövlətlərə güzəştə getmək istəmir:
“Buna görə də bütün zamanlarda bu münaqişənin öz təsir dairəsində qalmasını istəyir. Ancaq son 30 illik proses göstərdi ki, Rusiya Qarabağ münaqişəsinin həllinə münasibətdə səmimi deyil. İndiyədək Rusiyanın Qarabağ məsələsi üzərindən Ermənistana təzyiq etdiyini görməmişiksə, demək ki, ortada başqa məqam var. Yəni Rusiyanın Qarabağ münaqişəsinə münasibətində heç bir dəyişiklik yoxdur. Çünki Serj Sərkisyan, yaxud ondan əvvəlki və indiki Ermənistan hakimiyyətlərinə təzyiq etmək Rusiya üçün problem deyildi.
Əlbəttə, Rusiya hakimiyyət dəyişikliyindən sonra İrəvanın hansı xarici siyasətə üstünlük verəcəyini də gözləyirdi. Moskva o qədər də əmin deyildi ki, Nikol Paşinyan dayanıqlı hökumət qura biləcək. Ancaq proses tamamilə əks istiqamətdə inkişaf etdi. Məlumdur ki, parlament də Paşinyanın nəzarətinə keçdi. Bu da Paşinyan hakimiyyətinin ciddi dayaqlarının olması anlamına gəlir. Eyni zamanda Paşinyan çox rahatlıqla rusiyayönümlü hərbçiləri və “Qarabağ klanı”nın nüfuzlu üzvlərini həbs etdirir. Məlumdur ki, Moskvanın adamı olan Robert Köçəryan da həbsdədir. Dəfələrlə məhkəməyə müraciət edilməsinə baxmayaraq, Köçəryan azadlığa buraxılmır.
Buna görə də Rusiya düşünə bilər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərəkətə keçmək lazımdır. Birincisi, ona görə ki, Ermənistan daxilindəki ictimai-siyasi proseslər Paşinyanın lehinə inkişaf edir”.
Natiq Miri qeyd edib ki, Rusiyanın fəallığının digər səbəbi isə ABŞ-ın Qarabağ məsələsinin həlli ilə bağlı hərəkətə keçməsindən irəli gəlir:
“Buna görə də Rusiya cəlbedici addımlarla Paşinyan iqtidarını öz orbitində saxlamaq istəyir. O cümlədən Rusiyadan Ermənistana “SU-30SM” qırıcıları kimi müasir hərbi texnikaların verilməsi kimi məlumatlar dövriyyəyə buraxılıb. Maraqlıdır ki, Rusiya bu iddiaları təkzib etmir. Bu da onu göstərir ki, həmin məlumatların arxasında Kreml dayanır. Bunun da Paşinyanı öz orbitində saxlamağa xidmət etdiyini düşünürəm.
Hesab edirəm ki, Ermənistanın Suriyaya hərbi missiya göndərməsi də Rusiyanın diktəsi ilə baş tutub. Rusiyanın səyləri ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçiriləcək görüş də o anlama gəlməməlidir ki, Rusiya bu münaqişəni həll etmək istəyir. Nə vaxta qədər ki, Rusiya Xarici İşlər Nazirliyinin başında erməni əsilli Lavrov dayanır, o heç vaxt bu münaqişənin ədalətli həllini tapmağa imkan verməz. Buna görə də bu görüşdən nəticə gözləməyə dəyməz. Yəni Rusiyanın fəallaşması onun geosiyasi maraqlarına xidmət edən gedişdir. Yaxınlarda Rusiyanın münaqişənin həlli ilə bağlı konkret planının olması barədə məlumatlar yayıldı, amma bu təsdiqini tapmadı. Bunların hamısı siyasi məqsədli idi. O cümlədən, Rusiya rəhbərliyi bu yaxınlarda bir daha bəyan etdi ki, Rusiyanın bölgədəki yeganə strateji müttəfiqi Ermənistandır. Hesab edirəm ki, bu, bizə ciddi siqnal olmalıdır”.