16 Fevral 2019 12:13
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 15-də Moskvadakı “Neolit” kafesində baş verən hadisə heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz. Azərbaycan və çeçen xalqları arasında tarixin dərinliklərindən gələn və çoxsaylı sınaqlardan keçmiş dostluq-qardaşlıq münasibətləri mövcuddur. Bu münasibətləri heç kim sarsıda, ona zərbə vura bilməz.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, ən yaxın siyasi tariximizin çətin dövrlərində də bir daha sübut olundu ki, çeçenlər və azərbaycanlılar əcdadlarımızdan bizə miras qalan dostluq və qardaşlıq ənənlərinə sadiqdirlər:

“Şimali Qafqaz münaqişəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirməli oldu, azərbaycanlılar da Şimali Qafqazda yaşayan çoxsaylı xalqlarla ənənəvi dostluq münasibətlərini daim inkişaf etdirərək diqqət mərkəzində saxladı. Bunun ən bariz nümunələrindən biri Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq çərçivəsində Şimali Qafqaz xalqları ilə münasibətlərimizin daha da dərinləşməsidir və Azərbaycan Prezidenti bu münasibətlərə böyük diqqət göstərir.

Elə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov da daxil olmaqla qonşu subyektlərin hamısının rəhbərləri ilə Azərbaycanın xüsusi münasibətləri var.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da hadisəni hökumətin adından şərh edərkən haqlı olaraq bildirdi ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz”.

H.Babaoğlu qeyd edib ki, doğrudan da xırda məişət hadisəsini milli münaqişə kimi təqdim etmək əsla düz deyil:

“Biz elə azərbaycanlıların öz aralarında da münaqişə zəminində Moskvada və Rusiyanın digər yerlərində bir-birinə xətər yetirdiyi, hətta ölümlə nəticələnən cinayət hadisələri törətdiklərini bilirik. Ancaq mən məsələnin bir başqa aspektinə də diqqəti yönəltmək istərdim. Bu məişət hadisəsinə milli münaqişə rəngi verməkdə maraqlı olan üçüncü qüvvələr ola bilər.

Məsələnin xoşagəlməz tərəfi də budur. Bir müddət əvvəl Qazaxıstanda baş verən hadisə zamanı erməni mənşəli cinayətkar sadəcə cinayəti törətməklə kifayətlənməmiş, qardaş qazax xalqının milli hisslərini də təhqir etmişdi. Mümkündür ki, erməni lobbiçiləri həmin hadisəni öz lehinə kompensasiya etmək üçün bu hadisəni şişirtməkdə, ona siyasi rəng verməkdə maraqlı olsunlar və Rusiyadakı əlaqələrindən bu məqsədlə istifadə etsinlər.

Ona görə də belə məsələlərdə diqqətli olmalı, hadisənin məişət zəminindən kənar təqdim edilməsinə yol verməməliyik”.


Müəllif: Səxavət Həmid