18 Fevral 2019 15:15
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abbas Lisaninin həbs sayını yəqin bir özü, bir də polislər dəqiq bilir. Biz artıq sayı itirmişik, bilmirik, bu, neçənci həbsidir. Güneydə Abbas Lisaniyə qədər də xeyli fəallar həbs olunub və olunur. Abbas bəyin özü də daim təhdid altındadır.

Bu sözləri Teleqraf.com-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

Onun sözlərinə görə, təhdid altında olan Azərbaycan türkünün dilidir: “Bu məsələyə dünya ciddi etiraz etməlidir. Bizim etirazımıza dünya kar olub, diqqət yetirmir. Fars rejimi özünü İran İslam Cümhuriyyəti adlandırır, lap yaxşı, fərz edək ki, İranda İslam cümhuriyyətidir və orada insan haqları daha çox qorunmalı, nümunəvi olmalıdır. Özünü İslam adlandıran, cümhuriyyətçi olanlar Allahın insanlara verdiyi dilə, hüquqlara hörmət etməlidirlər. Təəssüf ki, İranda bu, yoxdur”.

Mirmahmud Mirəlioğlu qeyd edib ki, İranda qəbul etdilən konstitusiyaya belə riayət olunmur: “İranda yaşayan insanların hamısının, xüsusən Azərbaycan türklərinin öz dillərində məktəb açmaq haqları var, bu, Ana Yasada təsbit olunub. Amma təəssüflər olsun ki, bunun şahidi olmuruq. İran rejimi ermənilərə daha çox hörmət edir. Nəinki deputat qrupu, əlahiddə kilsəsi, mədəniyyət mərkəzləri, hətta məktəbləri, universitetləri var. İran bu siyasəti ilə əslində orada yaşayan insanların hamısını fars şovinizminə səfərbər edir. Rejimin sonudur, bütün imperiyalar dağılıb, bu imperiya da dağılacaq. İran da sanki bunun fərqindədir və orta əsr metodları ilə hərəkət edir. Xüsusən Azərbaycan türkləri, fəallara, istiqlalçılara qarşı ağır cəza metodu tətbiq olunur. İran bilməlidir ki, odla oynayır və bu, rejimin sonunu tezləşdirəcək”.


Müəllif: Teleqraf.com