“Baş nazir Nikol Paşinyan hazırda Ermənistanda əsas real gücdür. Bunu Rusiyanın siyasi elitası çox yaxşı başa düşür. Etiraf etmək lazımdır ki, Ermənistanda Qərbin dəstəyi ilə “məxməri inqilab” baş verib. Paşinyan istər Corc Sorosun, istərsə də ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə hakimiyyətə gəlib. Paşinyanın Qərb, yaxud ABŞ-la təmasları göz qabağındadır. O, öz komandasını Sorosla əlaqələri olan, Qərbdən qrantlar alan və xaricdən dəstək alan siyasətçilərdən formalaşdırıb”.
Bu sözləri Teleqrafı.com-a politoloq Elşən Manafov deyib.
Rusiyanın Ermənistana silah satmaq qərarına gəlincə, ekspert bildirib ki, Rusiya onsuz da öz hərbi sənaye kompleksinin silahlarını bu və ya başqa ölkələrə satmaqda maraqlıdır:
“Məlumdur ki, silah satışı Rusiyaya kifayət qədər mənfəət qazandırır. Rusiya təkcə Ermənistana yox, Azərbaycana da öz silahlarını satmaqla maraqlarını təmin edir. Hazırda isə Ermənistanda siyasi nüfuz dairəsi uğrunda Qərb və Rusiya arasında mübarizə gedir. “Məxməri inqilab”dan sonra bu mübarizə açıq müstəviyə çıxdı. Bu baxımdan, Rusiyaya yaxınlığı ilə seçilən “Qarabağ klanı” məhz Qərbin maliyyə dəstəyi ilə hakimiyyətdən uzaqlaşdırıldı.
Paşinyanın təkbaşına gücü çatmazdı ki, birbaşa Moskva ilə, Rusiyanın xüsusi xidmət orqanları ilə təmasda olan Serj Sərkisyan, yaxud Robert Köçəryanın həbsi ilə bağlı qərar qəbul etsin. Hesab edirəm ki, Paşinyan bu addımları ABŞ-ın dəstəyi fonunda atır. Rusiya bunu bilməmiş deyil.
Rusiya onu da başa düşür ki, MDB məkanı uğrunda mübarizə yeni mərhələyə daxil olub. Əsas hədəf Ukraynadır. Moldovanın da nəzarətdən çıxmaq ehtimalı var.
Cənubi Qafqazda Gürcüstandan sonra “məxməri inqilab” hesabına Ermənistan da tədricən Qərbin təsir dairəsinə keçir. Əlbəttə, Paşinyanın bu istiqamətdə qətiyyətli addım ata bilməməsinin bir səbəbi “Qarabağ klanı”nın ölkənin iqtisadi, maliyyə və hərbi sektorlarına nəzarət imkanının geniş olmasından irəli gəlir.
İkincisi, Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu ciddi faktordur. Paşinyan bunu nəzərə almaya bilməz. Rusiya bu amillərə arxalanır”.
Elşən Manafov hesab edir ki, Nikol Paşinyanın Qərbə yaxınlaşmaq istiqamətində qətiyyətli addımlar atmasına cavab olaraq, Rusiya Ermənistan daxilində vəziyyəti vətəndaş müharibəsi həddinə çatdıra bilər:
“Düzdür, “Qarabağ klanı”nın əvvəlki nüfuzu yoxdur, amma bu klanın ciddi maliyyə resursları var. Buna görə də Paşinyan bu klanın nüfuzlu üzvlərini həbsə almaqla öz hakimiyyətinin təhlükəsizliyini təmin etmək istəyir. Sərkisyan və Köçəryanın Qərb banklarında milyardlarla dollar həcmində pulları var. ABŞ-da bu pulların hansı banklarda olduğunu bilirlər. Əlbəttə, bu məxfi məlumatlar Paşinyana ötürülür.
Biz hazırda Ermənistanda hakimiyyət uğrunda gedən mübarizənin güclənməsi ehtimalını görürük. Çünki hökumətin parlamentdəki son hesabatı göstərdi ki, Paşinyan vəd etdiyi islahatları xalqın boynuna qoymaq istəyir. Yəni, bu islahatların əsas icraçısı kimi xalqı görmək istəyir.
Bu da deməyə əsas verir ki, mövcud hökumət keçid hökuməti ola bilər. Mövcud durum “Qarabağ klanı”na oyunun növbəti mərhələsində daha kəskin addımlar atmasına şərait yaradır”.