Diqqət yetirilməli məqam ondan ibarətdir ki, radikal müxalifət düşərgəsi hakimiyyətin sistemli fəaliyyətinin nəticəsi olaraq həyata keçirdiyi sosial tədbirləri, əməkhaqları və pensiyaların artırılmasını, abadlıq işlərinin aparılmasını, yolların çəkilməsini, insanlara dəstək verilməsini, iqtisadi sektorların inkişafına təkan verən müəyyən qərarların qəbul edilməsini və sair bu kimi amilləri guya özlərinin atdıqları addımların dolayı təsirləri kimi qiymətləndirməyə çalışırlar. Əslində burada iki məqsəd güdülür.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, bununla birincisi, özlərini daha böyük və təsirli qüvvə kimi təqdim etməyə çalışırlar:
“Yəni, demək istəyirlər ki, hakimiyyəti buna biz məcbur etdik. İkincisi isə guya hakimiyyətin hər hansı kənar təsir, yaxud tövsiyə, təzyiq olmadan ölkədəki situasiyanı qiymətləndirmək gücündə olduğunu inkar etməyə çalışırlar. Amma göründüyü kimi, hər iki istiqamətdə məzmun yoxdur. O mənada ki, hakimiyyətin həm sosial-iqtisadi, həm humanitar, həm də xarici siyasət fəaliyyəti sahəsində apardığı işlər bir sistemə, konsepsiyaya söykənir. Hər hansı aksiyadan, mitinqdən asılı olmayaraq, biz bütün il boyu, ilin bütün fəsillərində o prosesi görürük”.
A.Quliyev qeyd edib ki, radikal müxalifət düşərgəsinin çağırışı ilə meydana toplanan iki-üç min nəfərin mövcud iqtidarı nəyəsə məcbur etmək gücünə ekvivalent olduğunu düşünmək belə yersizdir:
“Ona görə də radikal müxalifətin gedən proseslərin müəyyən hissəsinə şərik çıxmaq cəhdinin perspektivi yoxdur. Necə ki, bütünlüklə apardıqları mübarizə bu gün perspektivsiz bir səviyyəyə gəlib çatıb”.