20 Fevral 2019 01:15
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə fikirlər səsləndirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-23-də Avstriyanın Vyana şəhərində ATƏT PA-nın qış sessiyasında iştirak edəcək.

Sessiyada çox vacib məsələlər ətrafında müzakirələrin aparılacağını bildirən B.Muradova əlavə edib ki, qış sessiyasında ATƏT PA-nın illik sessiyasına hazırlıq, ATƏT regionu və dünyanı narahat edən məsələlər, sessiya çərçivəsində Parlament Assambleyasında qəbul edilən qərarların yerinə yetirilməsinə nəzarət, həlli uzadılmış münaqişələr, münaqişənin aradan qaldırılmasında ATƏT mexanizmlərindən istifadə, çirkli pulların yuyulması, terrorizmə və korrupsiyaya qarşı mübarizəyə dair məsələlər müzakirəyə çıxarılacaq:

“Biz nümayəndə heyəti olaraq, bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini ifadə edəcəyik. ATƏT regionundakı mövcud vəziyyətlə bağlı fikirlərimizi səsləndirəcəyik. Həlli uzadılmış münaqişələr müzakirə olunan məsələlər arasında olduğundan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti, Ermənistan və Azərbaycan arasındakı danışıqlarda yeni mərhələnin və Ermənistanda seçkilərdən sonra yaranmış yeni mühitin vəd edəcəyi bəzi imkanlar, bu imkanların danışıqlar prosesinə göstərə biləcəyi təsir haqqında fikirlərimizi səsləndirəcəyik. Hesab edirəm ki, çox vacib və maraqlı bir sessiya olacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər