20 Fevral 2019 15:35
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Rusiyadan “S-400” zenit-raket kompleksləri alan Türkiyəyə qarşı mövqeyi bəllidir. Buna görə də, “F-35” qırıcılarının Türkiyəyə verilməsinin təxirə salınması ABŞ-ın Moskva-Ankara münasibətlərindən keçirdiyi narahatlıqla bağlıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspert bildirib ki, ABŞ-ın qənaətinə görə, Türkiyə NATO üzvüdür və bu səbəbdən Rusiyadan silah almaq hüququ yoxdur:

“Türkiyə isə bəyan edir ki, müstəqil dövlətdir və istənilən ölkə ilə münasibətlərini özünün milli maraqları çərçivəsində qura bilər. Digər yandan isə Rusiya və Türkiyənin Suriya məsələsini birgə həll etmək səyləri ABŞ-ın Yaxın Şərqdəki maraqlarına cavab verməyən mənzərənin ortaya çıxmasına şərait yaradıb.

Bir tərəfdən isə ABŞ maraqlıdır ki, Türkiyə kimi ciddi maliyyə resurslarına malik olan bir dövlət Rusiyadan yox, ondan silah alsın.

Əslində ABŞ-Türkiyə münasibətlərində yaranmış problemlərin əsl səbəbkarı Amerikanın indiki hökumətidir. Çünki Türkiyə rəhbərliyi zamanında “Patriot” raketləri və “F-35” qırıcılarının alınması ilə bağlı Vaşinqtona müraciət etmişdi. ABŞ Türkiyənin bu müraciətinə müsbət cavab vermədi. Bu da öz təhlükəsizliyini təmin etmək istəyən Türkiyəni alternativ variantları nəzərdən keçirməyə vadar etdi. Yəni, Rusiya həmin silahları Rusiyadan almaq məcburiyyətində qaldı”.

Elşən Manafov ikili münasibətlərdə gərginliyə səbəb olan digər amillərə də toxunub:

“Bir neçə il əvvəl isə Gülənçilər birbaşa olmasa da, dolayı yolla Pentaqonun dəstəyi ilə Türkiyədə hakimiyyət çevrilişinə cəhd etdilər. Bu faktor da ABŞ-Türkiyə münasibətlərinə təsirsiz ötüşmədi. Digər tərəfdən, Ərdoğanın bütün təkidlərinə baxmayaraq, ABŞ-ın PKK terror təşkilatının qollarına verdiyi maddi-texniki dəstəyi dayandırmaması münasibətlərdəki gərginliyi bir qədər də artırdı. Habelə öz qoşunlarını Suriyadan çıxaracağını bəyan edən ABŞ Suriya və İraqda nəzarət etdiyi əraziləri silahlı kürd qruplaşmalarına verməyə çalışır.

Bu isə onu göstərir ki, ABŞ yenə də PKK terror təşkilatına hərbi, siyasi və maddi dəstək verməyə davam edir.

PKK-nın məqsədləri bəllidir – Türkiyə əraziləri hesabına “Kürdüstan” dövləti yaratmaq... Yəni, bu faktorlar ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin əsas səbəbləridir. Gərginliyin yüksələn xətt üzrə artmasına görə Türkiyə iqtidarı məsuliyyət daşımır”.

Qeyd edək ki, ABŞ-ın bu il Türkiyəyə təhvil verəcəyi “F-35” qırıcılarının Ankaraya çatdırılmasını 1 il təxirə salması haqda məlumat yayılıb. Qeyd edilib ki, ABŞ hökuməti ən azı bu ilin noyabrın 1-dək bu məsələni müzakirə etməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu