Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Facebook səhifəsində paylaşdığı “Müxalifətçilik missiyası və Azərbaycan maraqları” başlıqlı yazıda Prezident İlham Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda büdcənin artan imkanlarını sosial problemlərin həllinə yönəldilməsi, iqtisadi liberallaşmanın sürətləndirilməsi, siyasi plüralizmin genişlənməsi və bütövlükdə Azərbaycanda insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarların qəbul edilməsindən sonra məlum xarici anti-Azərbaycan qüvvələrin daha da fəallaşmasına, bu qüvvələrin xaricdəki anti-milli şəbəkə və ölkə daxilindəki “beşinci kolonu”, o cümlədən Əli Kərimlini və onun qrupunu bir qədər hərəkətə gətirilməsinə toxunulub. Qeyd edilib ki, bu qrup əhalinin rifahının yüksəldilməsi ilə bağlı hakimiyyətin atdığı və proqnozlaşdırılan addımları ətrafında kampaniya təşkil edib məsələni “öz əməyinin nəticəsi” kimi göstərməyə çalışır.
Yazılanlar, əlbəttə ki, polemika üçün açıqdır, əks tərəfin reaksiyaları da, kontr-arqumentləri də özünü çox gözlətmədi. Əvvəl Əli Kərimli ətrafındakı “zərbəçi qrup”un sosial şəbəkədəki fəalları, sonra məşhur “mürafiə vəkili” də daxil olmaqla bəzi “əbədi narazılar”, nəhayətdə Əli Kərimli özü də yazıya reaksiya veriblər. Lakin təəssüf ki, Əli Kərimli və digər “zərbəçilər”in səslənmiş bütün reaksiyaları yenə də özünümüdafiə, rəqibi şərləmə refleksindən irəli getmədi. Təbii fəlakətlərdən tutmuş bütün şəxsi uğursuzluqlarına qədər hər şeyi iqtidarın, konkret halda yazı müəllifinin adına bağlayan “əbədi narazılar” isə ənənələrinə sadiq qalaraq məhkəmə çəkişmələrində uduzmalarını, kitablarının satılmamasını və daha nələrisə yada salıb hakimiyyəti ittiham edirlər.
Əli Kərimlinin yenə də xaricdən yayımlanan bir internet resursuna açıqlaması öz sosial şəbəkə hesabında və ya nəzarətində olan azadliq.info saytında deyil, “Azadlıq” radiosunun saytında sistemləşdirlərək təqdim edilib. Bu, əlbəttə, gözlənilən idi, çünki həmin radionun və saytın çoxdan Əli Kərimli üçün əsl rupor rolu oynadığı heç kimə sirr deyil.
Beləliklə, Ə.Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübəsi”ni idxal etmək istəməsi haqda Əli Həsənovun ittihamına cavab olaraq bildirir ki, “ Azərbaycanın Avropa Birliyi ilə əlaqələri var, nə qədər zəiflədilsə də, ciddi demokratik qüvvələr mövcuddur. Məhz bu qüvvələr ölkənin Suriyanın halına düşməsinin qarşısını alır”. Olduqca əsassız özünəbəraətdir, məhz
həmin qüvvələr 2003-2005-ci illərdə narıncı rəngə bürünüb ““Qələbə”yə kimi siz gəlin sonrası bizlikdir” deyirdi, məhz həmin qüvvələr səkilərin bardür daşların sökdürərək barrikadalar qurdururdu, məhz həmin qüvvələr bədahətən oturaq aksiya qərarı verib özləri aradan çıxır, “fanklub” üzvlərini polislə toqquşmaya sövq edirdi. Məhz həmin qüvvələr Tunisdəki iğtişaşlardan vəcdə gələrək Bakıda özünü yandıracaq süpürgəçi axtarırdı. Məhz həmin qüvvələrin yaratdığı kütləvi sosial şəbəkə səhifələri xalqı üsyana səsləyir, “Molotov kokteyli” hazırlamağın “türfə əlamətləri” haqda internet üzərindən təlimlər keçirdilər.
Nardaran hadisələri vaxtı xalqı “Kərbəla döyüşləri”nə səsləyənlərdən biri Əli Kərimlinin müavini idi və indi bu çağırışlara görə məhkum edilib. Daxili çəkişmələrinin icitimailəşməsindən sonra bəlli olur ki, o zaman “Milli Şura” deyilən qurum ölkədə şəriət rejimi qurmaq haqda müzakirələr aparırmış, işin üstünün açılma ehtimalı olanda isə üzvlərdən biri-Qurban Məmmədov dərhal qurumdan uzaqlaşdırılaraq bütün suç ona yüklənib. Bu da siyasi keçmişlərindən qazandıqları “təcrübə”dən irəli gəlir. 1990-cı ilin yanvar hadisələrinə bəhanə verən hadisələrdən sonra da onların təmsil olunduğu AXC suçu üzvlərinin bir qisminə yükləyərək öz sıralarından xaric etmişdi.
Bir sözlə, bu qüvvələr hakimiyyətə gəlmək, aldıqları sifarişləri yerinə yetirmək üçün hər şeyə gedə biləcəklərini əməllərində dəfələrlə sübut ediblər. Yaxın Şərqdə, postsovet məkanında yaşanan qanlı çevrilişlər, vətəndaş müharibələri ssenarisinin Azərbaycanda iflasa uğramasının, Azərbaycanın sabitlik adası olmasının səbəbi iqtidarın uğurlu siyasəti, xalq tərəfindən bu siyasətin birmənalı olaraq dəstəklənməsi, xalqla iqtidar arasında olan vəhdətdir.
Yazıda ciddi faktlar sadalanır, o cümlədən müxalifətin kadr qıtlığı, ideya yoxsulluğu, sosial bazadan məhrum olması haqqında dəlillər gətirilir. Qeyd edilir ki, müxalifətin bütün kadr potensialı “ASAN Xidmət”in bircə filialını idarə etməyə qadir deyil. Bunun əksini iddia edəcək faktınız varmı? İndiyədək ölkənin fərqli inkişaf modeli açıqlanan bircə sənədiniz varmı? Parlamentdəki alovlu tribun kimi çıxışlarının mətnlərini yazanlar, ondan perspektiv vəd edən “a lya Yavlinski” siyasətçi obrazı yaradanlar belə bu gün artıq Əli Kərimlinin çevrəsində yoxdur. O çevrədəkilərdən biri- Əli Məsimli sonradan belə də deyəcəkdi-“Daha başqalarına hazırladığım çıxışları özüm üçün yazmaq , özüm deputat olmaq istəyirəm”.
Yazıda bildirilir ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3.3 dəfə, sənaye istehsalı 2.6 dəfə, ixracımız 4.7 dəfə artıb. Ölkədə 2 milyon yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb, əhalinin sayı 1.6 milyon artıb. Bu dövr ərzində maaşlar 7, pensiyalar 9 dəfə yüksəlib. Bu rəqəmlərin hər hansı birini təkzib edəcək dəlilləriniz varmı?
Əli Kərimli yazıda AXC hakimiyyətinin uğursuz eksperimentlərinin, o cümlədən xaricdə təhsil adıyla gəncləri ideoloji zombilərə çevirmə siyasətinin tənqid edilməsinə heç bir arqumentlə cavab verə bilmədiyindən keçmişə qayıtımağı düzgün saymır. Niyə? Axı, siz əyninə sehrli xalat geyib “məğribdən məşriqə, keçmişdən gələcəyə” səyahət edən Əsədullaxan ibn Fərəcullaxan ibn Əmirullaxan obrazından nə ilə fərqlisiniz?
Əli Kərimli açıqlamasında ölkəyə milyardlarla dollar neft vəsaiti daxil olduğunu iddia edir. Nəhayət, “Milli Şura” üzvləri yığışıb səsləndirdikləri fərqli rəqəmlər ətrafında konsensus əldə etməlidir. Çünki hər üzv neft pulları haqqında ayrı-ayrı rəqəmlərdən dəm vurur. Halbuki karbohidrogen hasilatı və ixracından daxil olmuş bütün vəsaitlərin hesabatı şəffaf şəkildə verilib, Azərbaycan bu gəlirlərin şəffaf idarə edilməsinə görə dəfələrlə digər ölkələrə də nümunə olaraq da göstərilib.
Əli Həsənovun yazısında geniş bəhs edildiyindən biz statistika üzərində ətraflı dayanmadan bəzi xatırlatmalar edək: 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı yerli sərmayədir. Ölkənin bütün yol –nəqliyyat infrastrukturu, sosial xidmət infrastrukturu yenilənib, ölkədə avtomobil parkı(həm vətəndaşlara, həm şirkətlərə, həm dövlətə aid) yenilənib, təhsil, səhiyyə müəssisələri yenidən qurulub, mənzil fondu dəfələrlə böyüyüb. Cənab Prezidentin son “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanı, ilkin hesablamalara görə, 50 minədək mənzili əhatə edəcək.Təbii ki, bu fərmandan əvvəl istismara verilən mənzillərin sayı bundan dəfələrlə çoxdur. Gənclərin xaricdə təhsili, hər il milyonlara vətəndaşın pulsuz müayinə və müalicəsi, bölgələrdə və paytaxtda ixracyönlü çoxsaylı müəssisələrin açılması, ölkənin enerji və nəqliyyat xabına, elektrik enerjisi fasilələrlə verilən, bütövlükdə idxal hərbi texnikadan asılı ölkədən elektrik enerjisi və hərbi sənaye məhsulları ixracatçısına çevrilməsi, işsizliyin və yoxsulluğun azaldılması proqramları, ünvanlı sosial yardımlar, sahibkarlığın inkişafı, ailə təsərrüfatlarının qurulması üçün ayrılan vəsaitlər, maaş və pensiyaların
dəfələrlə artırılması , Azərbaycnın kosmik dövlətlər ailəsinə daxil olması,bir neçə transmilli nəqliyyat-kommunikasiya layihəsinin inşa edilməsi, sizcə, nəyin hesabına baş verib?
Hər kəsə bəllidir ki, digər qonşu ölkələrdən fərqli olaraq Azərbaycan yaxın və okeanaşırı fövqəldövlətlərin, diasporların dotasiyası ilə yaşamır. Nəyə nail olunubsa, yalnız xalq və iqtidar birliyinin əzmi, gərgin zəhmətilə əldə edilib. İndi bəziləri üçün inqilabi təlim mərkəzi kimi cəlbedici olan qonşu dövlətlər ciddi beynəlxalq qurumlar, nəşrlər tərəfindən “failed state”(uğursuz dövlət) kimi təqdim ediləndə də Azərbaycan inkişafın öz uğurlu modelini yaratmış dövlət kimi tanınıb. 25 il ərzində heç bir zaman Azərbaycanın taleyini xarici güclərin növbəti “failed state” lə necə davaranacaqları barədə müzakirə masalarına çıxarılmasına səbəb və bəhanələrə əsas verən uğursuzluqlara imza atılmayıb. Müstəqilliyimizin ilk illərində təəssüf ki, Azərbaycan bir neçə dəfə bu tale ilə üzə -üzə qalmış, hakimiyyət məsələsini “9 xarici ölkə ilə həll etdikləri” ilə öyünənlərin ümidinə buraxılmışdı.
Xalqdan qopmaq barədə deyilənlər isə heç bir tənqidə dözmür. Azərbaycan Prezidenti təkcə ötən il bölgələrə 24 səfər edib, paytaxt və regionlarda onlarla obyektin açılışında iştirak edib. Hər səfərində və açılış mərasimlərində, paytaxtda keçirilən kütləvi tədbirlərdə xalqın fərqli zümrələrinin nümayəndələri ilə görüşlər keçirib. Azərbaycan Prezidenti öz ad günlərini belə cəbhə bölgəsində və ya qaçqınlarla keçirməyə üstünlük verir. Bu görüşlərin, səfərlərin nəticəsi olaraq çoxsaylı sosialyönlü qərarlar qəbul edilir, növbəti dövlət büdcəsinin müzakirəsi zamanı yerlərdən daxil olmuş təkliflər nəzərə alınır, Prezidentin Ehtiyat Fondundan bu və ya digər məsələnin həlli üçün vəsaitlər ayrılır.
Xalq dövlətinin və Prezidentinin yanında olmaqla anti-Azərbaycan qüvvələrin önə çıxmasına imkan vermir. Xalq-iqtidar birliyi Azərbaycanın yeni qələbələrinin rəhnidir, antimilli qüvvələrin belə fəallaşmaları isə qrantın xərclənmə müddəti bitənə kimidir.
İsmayıl