“Gürcüstan Rusiyadan qaz almaq istəyir. Rəsmi Tiflisin iddiası belədir ki, guya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana satdığı qaz getdikcə bahalaşır. Gürcüstan istəyir ki, qazın alınmasını şaxələndirsin. Yəni Gürcüstan qazın alınmasında tamamilə Azərbaycandan asılı olmaq istəmir. SOCAR açıqlama verərək Gürcüstana satdığı qaz tariflərinin ən aşağı səviyyədə olduğunu bildirdi. Yəni SOCAR Gürcüstanda “Azərbaycan qazı bahadır” deyənlərin yalanını ortaya qoydu”.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, ümumiyyətlə, son zamanlar Gürcüstan hakimiyyətinin siyasəti Azərbaycanda ciddi suallar doğurur:
“Gürcüstan hökumətinin Rusiyadan qaz almaq istəyini keçmiş prezident Mixail Saakaşvili də tənqid edib. Saakaşvili bildirib ki, Gürcüstanın əsl müttəfiqi Azərbaycandır və ən çətin anlarda Gürcüstanın köməyinə məhz Azərbaycan çatıb. O qeyd edib ki, buna baxmayaraq Gürcüstanın indiki hakimiyyəti Gürcüstanın torpaqlarını işğal edən Rusiya ilə əməkdaşlığını genişləndirmək istəyir”.
Mərkəz rəhbəri qeyd edib ki, həqiqətən Gürcüstan Rusiyadan geniş həcmdə qaz almağa başlayarsa, həmçinin, Abxaziya üzərindən dəmiryolunu açarsa, Tiflis həm işğalçı, həm torpaqlarının işğalı, həm də separatçılarla barışdığını əyani göstərmiş olacaq. Rusiyaya da elə bu lazımdır”.