Teleqraf.com saytının suallarını Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev cavablandırıb. Müsahibəni təqdim edirik:
– Əliməmməd bəy, hazırda Əfv Komissiyasının iclasları keçirilir. Zəhmət olmasa, iclaslar barədə bir qədər məlumat verərdiniz...
– İclaslar fevralın ilk ongünlüyündən başlayıb. Artıq komissiyanın bir neçə iclası keçirilib. Müraciətlərə baxılır. Yeri gəlmişkən, qeyd edim ki, daxil olan müraciətlərlə bağlı müvafiq arayışlar hazırlanır. Çünki istənilən müraciət daxil olduqdan sonra qanunvericiliyin tələbələrinə uyğun olaraq, müvafiq strukturlardan – Ali Məhkəmədən, Baş Prokurorluqdan, Penitensiar Xidmətdən, yaşayış yerindən geniş, ətraflı rəylər alınmalıdır. Həmin rəylər əsasında hər bir məhkumun müraciəti haqqında müfəssəl arayış hazırlanır. Müfəssəl arayış komissiyanın sədrinə təqdim olunur. Komissiyanın sədri tərəfindən isə iclas çağırılaraq arayışlar müzakirəyə təqdim olunur. İclasda ətraflı müzakirələr keçir. Hər bir müraciət heç bir ayrı-seçkilik olmadan ətraflı müzakirə olunur. Müzakirələr nəticəsində tövsiyə xarakterli qərarlar qəbul olunur. Əlbəttə, son qərar cənab Prezidentindir. Çünki komissiyanın yalnız tövsiyə xarakterli qərarlar qəbul etmək hüququ var.
– Daxil olan müraciətlərlə bağlı nələri qeyd etmək olar?
– Daxil olan müraciətlər çox müxtəlifdir. Cinayət Məcəlləsinin ən müxtəlif maddələrini əhatə edir. Komissiyada şəxslərə münasibətdə hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz. Ətraflı, geniş müzakirələr olur. İndiyədək yüzlərlə müraciətə baxılıb, baxılmaqda davam edir.
Bilirsiniz ki, məhkum olunmuş şəxslərlə bağlı müraciətlər iki formada olur. Biri məhkumların özləri, nümayəndləri və qanuni nümayəndələrinin ərizəsi əsasında. Digəri isə yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, eyni zamanda ombudsmanın, həmçinin Penitensiar Xidmətin rəhbərliyi, deputatlar tərəfindən vəsatət qaldırılır. Yəni, birbaşa müraciətlər və vəsatət formasında müraciətlər var. Hər iki məsələ qeyd etiyim kimi, ətraflı araşdırma predmeti olur. Araşdırma predmetinə uyğun olaraq da müzakirələr açıq keçir və müvafiq tövsiyə xarakterli qərarlar qəbul olunur. Güman edirik və istisna deyil ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı olsun. Amma yenə də nə vaxt, nə zaman olacağını cənab Prezident müəyyənləşdirir. Kimlərin əfv siyahısına düşməsi ilə bağlı məsələ də cənab Prezidentin səlahiyyətinə aid olan məsələdir.
– Keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılacağını gözləmək mümkündürmü? Onunla bağlı özü, yaxud yaxınları tərəfindən müraciət daxil olubmu?
– Bilirsiniz, daxil olan müraciətlərə dediyim kimi, heç bir ayrı-seçkilik qoymadan, qanunvericiliyin tələbləri çərçivəsində baxılır. Yəni, burada hər hansı başqa problem ola bilməz. Digər tərəfdən, müraciət edən şəxslərin kimlər olması barədə Əfv Komissiyası və onun üzvü tərəfindən məlumatın verilməsi doğru deyil. Birincisi, ona görə ki, bu məsələlər hamısı konfidensial xarakter daşıyır və şəxsi məlumatlardır. Yəni, müraciət edən şəxslərin özləri, onların vəkilləri, nümayəndələri və ya vəsatət qaldıran şəxslər deyə bilərlər ki, onlar kiminlə bağlı müraciət ediblər və ya vəsatət qaldıriblar. İkincisi, bu məsələlər müzakirə olunur və son qərar cənab Prezident tərəfindən qəbul edilir. Ona görə də bu məsələ haqqında hər hansı fikir söyləmək etikadan kənar olardı. Çünki bu müzakirə səviyyəsindədir və son qərarı da Əfv Komissiyası qəbul etmir. Komissiya yalnız tövsiyə xarakterli qərar qəbul edir.
Ümumiyyətlə, istənilən kollegial orqanın müzakirəsində hansı məsələlərin olması ilə bağlı hər hansı məlumatın müzakirə getdiyi zaman söylənilməsi etik qaydalara və dövlət idarəetməsi tələblərinə zidd məsələdir. Bununla bağlı hansısa məlumatları söyləmək doğru deyil. Ona görə də konkret olaraq, kimin müraciət etməsi və o müraciətlə əlaqədar necə müzakirələrin aparılması ilə bağlı mənim tərəfimdən hər hansı fikir söylənilməsi doğru olmazdı.
– Bəs nəzəri baxımdan sözügedən şəxsin əfv olunması mümkündür?
– İstənilən şəxs müraciət edirsə və ya onunla bağlı vəsatət qaldırılırsa, həmin müraciətlərə qanunvericiliyin tələbinə uyğun olaraq Əfv Komissiyasında baxılır. Əgər qanunvericiliyin tələbinə uyğun müraciət olunubsa, yaxud vəsatət qaldırılıbsa, ona baxılır və tövsiyə xarakterli qərarlar qəbul olunur. Bu qərarın neqativ və ya pozitiv olması başqa məsələdir.
– Ancaq cəmiyyətdə belə bir gözlənti var ki, budəfəki əfv sərəncamı daha geniş spektri əhatə edəcək...
– Əlbəttə, bəri başdan əfv sərəncamına nə qədər şəxsin adının düşəcəyi ilə bağlı fikir söyləmək doğru deyil. Çünki bir daha qeyd etmək istərdim ki, sərəncama kimlərin adının düşüb-düşməməsi ilə bağlı son qərar cənab Prezidentə məxsusdur.
İkincisi isə biz əfv sərəncamında hər zaman çox müxtəlif şəxslərin, müxfəlif əqidə sahiblərinin adlarını görmüşük. Elə sonuncu əfv sərəncamı çox genişmiqyaslı əfv sərəncamı idi. Həmin sərəncama 634 nəfərin adı daxil edilmişdi. 1995-ci ildən indiyədək 64 əfv sərəncamı olub. Sonuncu əfv sərəncamı əfv tarixində ən genişmiqyaslı əfv sərəncamı idi. Buna hətta kiçik amnistiya da deyirdilər. Amma bu il nə qədər olacağı, neçə nəfər olacağına dair bəri başdan hər hansı fikir söyləmək doğru olmaz. Çünki bunu cənab Prezident müəyyənləşdirir. Digər tərəfdən isə komissiyada fərq qoyulmur. Müraciət edən hər bir kəsin müraciətinə dair müvafiq qaydada qərar qəbul edilir. Bunun aktiv, qeyri-aktiv şəxs olduğu, sosial şəbəkələrdəki və mətbuatdakı müzakirələrdə onun adının qeyd olunub-olunmaması əhəmiyyətli deyil. Çünki qanunvericiliyin tələblərinə uyğun vahid sistem yanaşması var. Əlbəttə, hər bir şəxsin işi həm də fərdidir. Çünki fərdi qaydada qiymətləndirmə olur.
– Bu müzakirələrin aparılmasını da bəzən müxalifət öz adına çıxır. Onlar iddia edirlər ki, 19 yanvar mitinqindən sonra belə müzakirələr başlayıb...
– Qətiyyən elə deyil. Bunun mitinqlə heç bir əlaqəsi yoxdur. Bilirsiniz, ötən illərin təcrübəsinə baxsaq, il ərzində bir, bəzi hallarda bir neçə dəfə əfv sərəncamı olur. Bu sərəncamlar daha çox Novruz bayramı ərəfəsində verilir. Ona görə də burada əlavə fikir söyləmək, bunu mitinqlə əlaqələndirmək nonsensdir və absurd xarakter daşıyır. Bunun məsələyə heç bir dəxli yoxdur. Əfv Komissiyası öz işini kiminsə hansısa hərəkəti yerinə yetirməsi, nəsə keçirib-keçirməməsinə görə deyil, öz əsasnaməsinə uyğun olaraq həyata keçirir.
– Bundan sonra neçə iclas keçiriləcək və siyahı dövlət başçısına nə zaman təqdim olunacaq?
– İclaslar davam etməkdədir. Mən konkret neçə iclasımızın keçiriləcəyini bilmirəm. Çünki bu, müraciətlərdən asılı olan məsələdir. Müraciətlərin isə hamısına baxılır. Daxil olan müraciətlərə əlbəttə, qanunvericilik çərçivəsində, müddətlərdə baxılır və tövsiyə xarakterli müvafiq qərarlar qəbul edilir.
– Milli Şuranın fevralın 23-də keçirmək istədiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini hüquqşünas kimi qiymətləndirməyinizi istərdik...
– Bakı Şəhər İcra Hakimiyyəti istənilən kütləvi aksiyanın həyata keçirilməsi ilə bağlı qərar qəbul etməkdə sərbəstdir. O, bir sıra məsələləri nəzərə alıb müvafiq qərarlar qəbul edir. Ya onun keçirilməsinə razılıq verir, ya da vermir. Bu, hər şeydən əvvəl ölkənin təhlükəsizliyi və digər məqamlarla bağlıdır. Hər halda mən düşünürəm ki, müvafiq dövlət orqanlarında ətraflı məlumat olduğu üçün bu və digər qərarları qəbul edəndə bütün bu məqamlar nəzərə alınır. Çünki bəzi hallarda biz görmüşük ki, çox zaman kütləvi aksiyaların təşkilatçıları onu idarə edə bilmir. Orada həmin aksiyanın məqsədlərinə zidd olan hallara yol verilir. İctimai qaydanın pozulması baş verir, təhlükəsizliklə bağlı təhdidlər yarana bilər. Ona görə də qərarlar qəbul ediləndə bütün bu amillər nəzərə alınır. Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlar bütün bunları nəzərə alaraq, qərar qəbul ediblər.