Teleqraf.com politoloq Cümşüd Nuruyevlə müsahibəni təqdim edir:
- Cümşüd müəllim, martın əvvəllərində ATƏT sədri regiona səfər edəcək, buna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə görüşüb. Bu mənada konfliktin həlli ilə bağlı gözləntiləriniz varmı?
- ATƏT-in Minsk Qrupunun həmsədrləri konfliktin daha uzun müddət qalmasında maraqlıdır. Üzv dövlətlərin ATƏT-ə ödədiyi üzvlük haqqından yararlanan həmsədrlər ildə bir neçə dəfə regiona turneyə çıxırlar. Həmsədrlər həm Azərbaycan, həm də Ermənistanı gəzir və geri qayıdırlar. Fikrimcə, ATƏT-in bu günə qədər heç bir konflikti həll etmək kimi fəaliyyəti olmayıb və bundan sonra da olmayacaq. Biz 1992-ci ildə ATƏT-ə üzv olmuşuq. Bu qurum 1993-cü ildən Qarabağ konflikti ilə məşğuldur. Yəni son 26 ildə onların Azərbaycana xeyri dəyməyib. Əksinə, bizi gecikdirib, vaxt udublar. Bu mənada hesab edirəm ki, ATƏT-in həmsədrləri formatında münaqişənin həlli perspektivi yoxdur. Üstəlik, Nikol Paşinyan erməni xislətinə sadiq siyasətçidir. Paşinyan guya verdiyi vədlərə əməl etməklə məşğuldur, amma heç nə dəyişməyəcək. Mən sülh yolu ilə torpaqların geri alınmasına inanmıram. Təki, səhv edim.
- Amma Paşinyanın özündən əvvəlkilərlə müqayisədə daha demokratik ola biləcəyi, onunla müzakirələrin daha asan keçəcəyi haqda ümidlər var...
- Paşinyan küçədən gəlib. Küçədən hakimiyyətə gələn adam heç vaxt demokratik ola bilməz. Paşinyan jurnalistdir. Mənim jurnalistlərlə problemim yoxdur, amma Paşinyanın dövlət idarəçiliyindən anlayışı yoxdur. Ola bilsin ki, yaxşı məqalələr yaza bilər və yazırdı da. Ancaq yazdıqlarını həyata keçirmək üçün Ermənistanda arzu edilən mühit yoxdur.
İkincisi, Ermənistan Rusiyanın vassalıdır. Ermənistan iqtisadi baxımdan ianədən və Rusiyanın maliyyəsindən asılı dövlətdir.
Üçüncüsü, Ermənistan daxilində baş nazirin idarə edəcəyi bir dövlət strukturu yoxdur və ya çox azdır. Məsələn, Ermənistanın hava nəqliyyatı sistemi Argentinanın əlindədir. Başqa sözlə, argentinalı bir erməni gələrək bu sahəni alıb. Ermənistanın infrastrukturu Rusiyanın, bazarı İranın əlindədir. Ermənistanın əlində heç nəyi qalmayıb. Bu, reallıqdır. Bu səbəbdən də Paşinyan xaricdəki erməni diasporunun verdiyi sifarişləri icra etməyə məcburdur. Onun əsas məqsədi Köçəryan-Sərkisyan hakimiyyətinin topladığı vəsaitləri əldə etməkdir. Paşinyan heç vaxt demokrat olmayıb və olmayacaq da. Onun demokrat olduğu haqda fikirlər bizi aldatmaq üçün düşünülüb. Yəni imkan verin, yeni erməni hökuməti bir qədər güclənsin, tam nəzarəti əlinə alsın və bundan sonra da sözünü desin. Paşinyan hakimiyyətə gələndə guya 5 rayonla bağlı fikrini bildirdi, sonra bu fikrini dəyişdirdi. İndisə ümumiyyətlə, Qarabağ məsələsindən qaçır. Biz sadəlöhv xalq deyilik. Bilməliyik ki, bizim qarşımızdakı ermənidir, onun məkrli siyasəti var və buna aldanmamalıyıq.
- Ancaq tarixdə baş verən bütün müharibələr, işğallar sonda sülh danışıqları vasitəsilə həll edilir, ölkələr arasında da balans yaranır...
- Balans o zaman yarana bilər ki, Ermənistan birmənalı şəkildə işğal etdiyi ətraf rayonlardan qüvvəsini geri çəksin, daha sonra Dağlıq Qarabağın statusu məsələsi müzakirəyə çıxarılsın. Siz, tarixə nəzər salın, zamanında Adolf Hitler də Atlanta İttifaqına müraciət edərək, bildirdi ki, gəlin, sülh danışıqlarına gedək. Ancaq Atlanta İttifaqı onun təklifini rədd edərək, bəyan etdi ki, siz SSRİ-nin yarısını işğal etmişiniz. Bu ərazilərdən çıx və bundan sonra sülh danışıqlarına oturaq. İndi necə olur ki, özü belə bir sülhü zamanında qəbul etməyən Qərb dövlətləri bizə onü təklif edirlər? Biz danışıqlar masa arxasına oturmalı, bunlarla danışıqlar aparmalıyıq. Nəyi danışacağıq? Əslində cani ilə danışmağın heç bir mənası yoxdur. Ona görə də balans yaratmaq şansı sıfıra bərabərdir. Mən Dağlıq Qarabağda işləmişəm və 3 il Xankəndində ermənilərin içində olmuşam. Onları çox yaxından tanıyıram. Əllərinə şans düşən kimi bizi vuracaqlar. Bizim sayımız və gücümüz çox olanda dərhal bizə yaltaqlanır, sayımız az olanda isə dərhal bizi arxadan vururlar. Bunu tarix sübut edir.
- Güc balansı kimin xeyrinədir?
- Hesab edirəm ki, güc balansı bizim xeyrimizədir. Nə ABŞ, nə də Rusiya istəmir ki, Qarabağ problemi həll olunsun. Çünki hər iki tərəf bu məsələdə öz maraqlarından çıxış edir. Bizə də imkan verməyəcəklər ki, gücümüzdən yararlanaq. Hesab edirəm ki, Azərbaycan özü gücündən istifadə etməlidir. Buna hansısa bir təxribat səbəb ola bilər. Məsələn, 2016-cı ilin aprelində ermənilərin etdiyi təxribat və aldıqları cavab. Bütün hallarda Azərbaycan öz torpaqlarını müharibə ilə azad edə bilər. Sülh yolu ilə konfliktin həllinin mümkünlüyü görünmür. Biz bu mövzunu kifayət qədər araşdırmışıq. Bu saat Azərbaycan, onun ordusu güclüdür. İnanın ki, indiki şəraitdə erməninin arxasında nə rus, nə də amerikalı duracaq. Çünki onların başı öz problemlərinə qarışıb. Heç İran da erməniləri müdafiə etməyəcək. İndi qəliz dövrdür və hər kəsin öz problemi var. Qənaətimcə, zaman Azərbaycanın zamanıdır və biz bundan mümkün qədər yararlanmağı bacarmalıyıq.
- Doğurdanmı, Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistan Qərb xətti götürür və Rusiyadan məsafəli davranmağa üstünlük verir ?
- Hesab edirəm ki, bu ermənilərin sadəcə, imitasiyasıdır. Onlar Ermənistandan necə uzaqlaşırlar ki, yeni qəbul etdikləri qanunda Rusiya strateji tərəfdaş kimi göstərilir? Eyni zamanda Ermənistan Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının üzvüdür və orada üzvlüyünü dayandırmayıb, eləcə də MDB-də var. Hələ Paşinyanın Yerevan-Moskva yolunu az qala su yoluna döndərdiyini demirəm. Ermənistanda bəzi şəxslərin həbs edilməsi isə ölkə daxilinə hesablanan siyasətdir. Məqsəd Qarabağ klanının Paşinyana maneə olmasının qarşısını almaqdır. Bu səbəbdən Köçəryan həbsə atılıb, Sərkisyan istintaqda dindirilir. Guya Paşinyan Rusiyanın adamlarını, korrupsionerləri həbs edir. Əslində bu, Rusiya kəşfiyyat orqanlarının hazırladığı siyasətdir. Məncə, belə şeylərə görə özümüzü aldatmayaq. Bəli, Paşinyan üzdə görüntü yaratmaq üçün vəzifələrə Qərb yönlüləri gətirir. Ancaq əsas ölkənin başçısıdır. Paşinyan da ölkənin başçısı olaraq Rusiyanın dediyi ilə oturub durur. Bir müddət əvvəl Sergey Lavrov nahaq yerə Ermənistanı hədələmədi. Hər kəsə bəllidir ki, ermənilərin Rusiyadakı ən böyük dayağı Lavrovdur. Onlar gözəl bilirlər ki, Lavrov istəsə, bir həftəyə Rusiya Qarabağı alıb Azərbaycana verər. Ancaq Lavrov istəmir. Biz elə etməliyik ki, Rusiya bizim Qarabağda öz torpaqlarımızı əldə etmək üçün hərəkətə keçməyimizi istəsin. Məsələ budur. Biz bunu nail olmalıyıq və bu, artıq diplomatik işdir.
- Sizcə, yeni erməni hakimiyyəti Qarabağ klanını cilovlaya biləcəkmi?
- Diaspora Ermənistana müəyyən qədər pullar göndərib. Paşinyan da araşdırma aparıb və belə nəticəyə gəlib ki, ölkəyə daxil olan bu pullardan haradasa 100 milyonlarla dollar mənimsənilib. O, çalışır ki, bu pulları Qarabağ klanının əlindən çıxarsın. Köçəryanı ona görə həbs edib və Sərkisyanı ona görə istintaqda get-gələ salır ki, bu pullar ortaya çıxsın. Onlar Qarabağdan gələn ermənilərə “dönmüş ermənilər” deyirlər. Çoxu da bilir ki, Köçəryanın yarısı türk kökənlidir, Azad kişinin oğlu Sərkisyanın da qatışığı var. Onlar bunu gözəl bilirlər.
- Siz, iddia edirsiniz ki, Köçəryan və Sərkisyan təmiz erməni deyil?
- Mən adını çəkdiyiniz hər iki şəxslə Xankəndində işləmişəm. Hamı bilir ki, Köçəryanın anası Daşkəsəndə katib olub. Atası erməni deyil və anası sonradan ikinci dəfə ailə qurub. Sərkisyan isə Azərbaycan dilində çox gözəl danışır. Mən bunların ikisi ilə də işləmişəm. O zaman Sərkisyan Dağlıq Qarabağın özünümüdafiə batalyonunun komandiri idi və Yerevandakı politexnik institutunda qiyabi təhsil alırdı. Mən onu 1989-cu ildən tanıyıram.
- Çox maraqlı iddialar irəli sürürsünüz...
- Mən Xankəndində 1989-cu ilin sentyabrında Qarabağ Komitəsi yarananda orda birinci müavin kimi Azərbaycanı təmsil edirdim. Sərkisyan əvvəl Vilayət Partiya Komitəsində santexnik idi.