“MDB və Cənub Qafqaz regionunda Rusiya-Qərb geosiyasi rəqabətinin yeni mərhələsi başlayıb. Gözlənildiyi kimi, Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili ölkədə həyata keçirilən ən böyük layihənin - Qara dəniz sahilində Anaklia limanının tikintisinə menecerlik edən Xazaradze ilə açıq savaşa girdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Onun sözlərinə görə, Xazaradze Gürcüstanda İvanişvilindən sonra ikinci böyük sərvətə malik iş adamıdır:
“Anaklia limanı isə uzun və gərgin mübarizədən sonra Amerika şirkətlərinin idarəetməsinə verilmişdi. Gürcüstan Milli Bankının qərarı ilə Xazaradze özünün qurduğu “TVS- Bank”ın idarəetməsindən getməli oldu. Gürüsctanın Beynəlxalq Ticarət Palatasının prezidenti Fadi Asli açıq deyib ki, İvanişvili Moskvadan təlimat alıb.
Gürcü politoloqlar deyirlər ki, İvanaşvili yenə təzyiqləri davam etdirəcək və əsas məqsəd Anakliya limanının əsas podratçısı olmaqdır. Həmçinin limandan pay almaqdır. Bu arada İvanaşvili üçün də problemlər yaranıb. Nüfuzlu deputatlar hakim partiyanın fraksiyasını tərk ediblər. “Gürcü arzusu” parlamentdə konstitusion çoxluğu itirib. Bir neçə gün əvvəl isə “Freedom House” təşkilatı Gürcüstanda hüquq və azadlıqların məhdudlaşdırlması ilə bağlı çox sərt hesabat təqdim edib”.
Zaur İbrahimli Ermənistanda baş verən proseslərə də diqqət çəkib:
“Ermənistanda Baş nazir Paşinyan matrın 1-də böyük mitinq keçirilməsini planlaşdırır. Bu eks-prezident Köçəryanın azad edilməsi üçün təzyiqi artıran Moskvaya cavab sayıla bilər. Ermənistan KİV-ə inansaq, Münhen konfransında Rusiya XİN başçısı erməni həmkarına bildirib ki, Köçəryanı siyasi məhbus hesab edirlər və o, azad olunmasa, müvafiq bəyanat veriləcək. Paşinyan, həmçinin Gürcüstanala əlaqələri möhkəmləndirməyə çalışır. Ermənistan Fransa, Alamaniya timsalında Rusiyaya alternativ yaratmağa çalışır. ABŞ-ın daha fəal dəstəyini almağa səy göstərir”.
Politoloq qeyd edib ki, Azərbaycanda da bu geosiyasi rəqabətin təsirləri hiss olunur:
“Hazırda Azərbaycana Gürcüstan üzərindən təzyiq etməyə səy göstərirlər. Gürcüstan hökuməti təbii qazla təchizatın şaxələndirilməsi məsələsini gündəmə gətirib. Bu məqsədlə “Qazprom” şirkəti ilə danışıqlar aparıldığı açıqlanıb. Bunun yanaşı Сənubi Osetiya, Abxaziya üzərindən keçən yolun bərpası barədə də razılaşmanın həyata keçirilməsinin mümkünlüyü barədə anons verilir. Bu yolla Ermənistanla Rusiya arasında əlavə kommunikasiya xətti açıla bilər.
Rusiyada azərbaycanlılarla çeçenlər arasında kriminal savaş başladılmasına cəhd edilir. Rusiya XİN isə Azərbaycanla bağlı məsələlərə yenidən özünəməxsus şəkildə münasibət bildirməyə başlayıb. 20 fevralda isə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 5-cü toplantısı keçirildı. Giriş nitqində Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, “Mən Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasında göstərilən davamlı dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə minnətdarlığımı bildirirəm. Mən ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələrini salamlayıram. Əminəm ki, sizin töhfəniz sayəsində bu toplantının gözəl nəticələri olacaq. Mən, eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edən qonşularımız Türkiyə və Gürcüstan, habelə Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan olan nümayəndələri salamlayıram. Biz artıq bu layihənin reallaşdırılmasına məsul olan bir komandayıq”.