“Xocalıda törədilən hadisə erməni işğalçılarının vəhşiliyi ilə yanaşı, həm də böyük səhvləri idi”.
Teleqraf.com xəbər verir ki, bunu Real partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Xocalıda qırğın törətməklə bizi qorxutmaq istəyirdilər, qısa dönəmdə buna nail oldular, amma orta və uzun müddətdə, tarixi perspektivdə rəzil duruma düşdülər:
“Çünki Azərbaycan xalqı bu vəhşiliyi bağışlamayacaq - xalq bağışlamasa, bölgədə dayanıqlı sülh olmayacaq.
Ermənilərin insan yığınından xalqa çevrilməsi üçün gərək onlar özləri İrəvanda Xocalı qatillərinə məhkəmə qursunlar, özləri cəzalandırsınlar, Azərbaycandan üzr istəsinlər, işğala son qoysunlar. Belə etsələr, xalqa çevrilə bilərlər, bəlkə o zaman Kremlin qucağından düşə bildilər. Bəlkə o zaman müstəqil dövlət oldular. Məhz bu addımdan sonra Cənubi Qafqaza sülh və rifah gələcək”.