27 Fevral 2019 16:19
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan Prezidenti Salome Zurabişvili seçki kampaniyası zamanı Gürcüstanda yaşayan ermənilərə reveranslar edib. Ancaq görünür, xanım prezident yaxşı başa düşüb ki, onun əsas dəstəyi Azərbaycan əhalisindən gəlir. Mən ilk növbədə Gürcüstanda prezident seçkiləri zamanı azərbaycanlı seçicilərin səsverməsini nəzərdə tuturam. Prezident Salome Zurabişvili həmçinin başa düşür ki, regionda Azərbaycanın mövqeyi və rolu kifayət qədər yüksəkdir. Gürcüstanın gələcəyi, rifahı, iqtisadi inkişafı Azərbaycandan asılıdır. Çünki regionda böyük layihələrin təşəbbüskarı Azərbaycandır”.

Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvilinin bu gün Bakıya başlayan səfərini Teleqraf.com-a şərh edən politoloq Fikrət Sadıqov deyib.

Politoloq əlavə edib ki, Azərbaycanın Gürcüstanla uzun illər ərzində heç vaxt ziddiyyətli münasibəti olmayıb. Onun sözlərinə görə, bu iki ölkə arasında heç vaxt problem yaranmayıb:

“Nə qarşılıqlı ərazi iddiası olub, nə də başqa problemlər. Əksinə, ortaya çıxan problemlər sivil formada və dialoq əsasında həll edilib. Görünür, bunu Gürcüstanın yeni prezidenti yaxşı başa düşür və dərk edir. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirdi ki, Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və o da bu ənənəni davam etdirəcək. Səfərin iki ölkə arasında uzun illərdir müşahidə edilən əməkdaşlıq mühitinə töhfə verəcəyinə ümid edirəm”.

Fikrət Sadıqov əlavə edib ki, Azərbaycan-Gürcüstan münasibətləri hər zaman yüksək səviyyədə olub.

Bu münasibətlərdən hər iki tərəfin divident götürdüyünü xatırladan politoloq Azərbaycanın Gürcüstan iqtisadiyyatında mühüm rol oynadığını vurğulayıb:

“Azərbaycan-Gürcüstan əlaqələri faktiki strateji partnyorluq münasibətlərinə söykənir. Həm siyasi, həm xalqlar arasında, həm də liderlər arasında münasibətlərimiz daima bir-birimizin maraqlarına cavab verib. Bu mənada hesab edirəm ki, Salome Zurabişvili bu amilləri nəzərə alaraq ilk səfərini Azərbaycana edir və o, bu münasibətlərin saxlanılmasında, daha yüksək səviyyəyə qalxmasında maraqlıdır. Bu səfər hər iki ölkənin maraqlarına cavab verəcək, dövlətlərarası dostluq münasibətlərini inkişaf etdirəcək. Bunun üçün müsbət zəmin mövcuddur”.

Bununla belə politoloq qeyd edib ki, iki ölkə arasında mövcud olan problemlərin bir səfərlə həlli də mümkün deyil:

“Ancaq problemlər müzakirə edilirsə, hansısa çətinlik yaranırsa, belə halları yüksək səviyyədə həll etmək mümkündür. Düşünürəm ki, Bakıda ciddi müzakirələr aparılacaq. Bu səfərin nəticəsi olaraq Azərbaycan-Gürcüstan münasibətlərində bir qədər də yüksəliş qeydə alınacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər