Cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 31-də keçirilən ilk inauqurasiya mərasimində hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını elan etdi. Prezident ötən illər ərzində bu vədə sadiq qaldığını dəfələrlə sübut edib.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Teleqraf.com-a açıqlamasında belə deyib.
O qeyd edib ki, dövlət başçısı vaxtaşırı olaraq məmurların, o cümlədən onun özünün başlıca vəzifəsinin xalqa xidmət etməkdən ibarət olduğunu vurğulayır:
“Bu iki məqam cənab prezidentin fəaliyyətinin necə deyərlər formulu, tezisi, yol xəritəsi idi. 2003-cü ildə səlahiyyətlərinin icrasına başladığı ilk gündən cənab İlham Əliyev tərəfindən ölkəmizin həm daxili, həm də xarici siyasətinin bütün şaxələri üzrə çox böyük islahatlar aparılır. Bir nümunə çəkmək istərdim. Cənab prezidentin xarici siyasətdə gördüyü işlərin nəticəsi idi ki, BMT tarixində ilk dəfə olaraq gənc bir dövlət 190 ölkənin 155-nin səsini qazanaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.
Ölkələrin heç biri bu qədər ölkənin səsini qazanaraq üzv seçilməmişdi. Bunun özü elə cənab prezidentin Azərbaycan dövlətinin xarici siyasətində əldə etdiyi mühüm qələbə idi. Eyni uğurlar bizi daxili siyasətdə də müşayiət edib. Bütün bunları ona görə deyirəm ki, indi aparılan islahatlar bir ay, iki ay öncə başlamayıb. Məsələyə geniş aspektdən yanaşmaq lazımdır”.
M.İbrahimqızı əlavə edib ki, atılan son addımlar sosial müdafiə sahəsində indiyədək görülən işlərin davamıdır:
“Dövlətimizin imkanları artdıqca əhalinin bütün təbəqələrini, cəmiyyətin bütün həssas qruplarını əhatə edən sosial müdafiə siyasəti də gücləndirilir. Möhtərəm prezident sosial dövlət fəlsəfəsini, sosial dövlətin necə olmasını əməli olaraq sübut etdi. Ona görə də son aylarda imzalanan sərəncamlara diqqət yetirsək, bu sərəncamlardan kənarda qalan əhali qrupunun olmadığını görə bilərik.
Hətta ötən il dövlət başçısının prezident kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk imzaladığı sərəncam da şəhid vərəsələrinə birdəfəlik müavinətlərin ödənilməsi ilə bağlı olmuşdu. Cənab prezident son vaxtlar imzaldığı sərəncamlarla müavinət alacaq şəhid vərəsələrinin əhatə dairəsini genişləndirdi.
Bundan əlavə tələbələrin, magistrlərin, elmi işçilərin, aspirantların, təqaüdçülərin, bütün kateqoriyadan olan əliliyi olan şəxslərin, əmək veteranlarının sosial müdafiəsinin yüksəldilməsi, rifah halının yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzaldı. Hətta yeni təqaüdlər təsis olundu.
Bu mənada ictimaiyyət, seçicilər adından da deyə bilərəm ki, cənab prezidentin həyata keçirdiyi sosial siyasət və bu siyasətin günbəgün təkmilləşdirilməsi əhalinin ürəyincədir. Onlar bunu təqdir edir və prezidentə minnətdarlıq edirlər”.