İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Cavad Zərifin istefasını qəbul etmədi. Bu, Zərifin birinci istefası deyil. Yeri gəlmişkən, qeyd edim ki, İran kimi dövlətdə “İnstaqram” vasitəsilə istefa vermək istefadan daha çox daxili auditoriyaya və daxili rəqiblərə hesablanmış addım kimi dəyərləndirilməlidir.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov deyib.
O qeyd edib ki, bu istefada maraqlı məqam var: “Həmin məqam ondan ibarətdir ki, Zəriflə Ruhani administrasiyası arasında sular bulanıqdır. İş o yerə çatıb ki, İran Xarici İşlər Nazirliyi Suriya dövlət başçısı Bəşər Əsədin Tehrana səfərindən xəbərsiz olub. Məlumata görə, məhz bu məsələ Zərifin istefasına təkan verib”.
Z.Məmmədov əlavə edib ki, C.Zərif xarici işlər naziri kimi bir çox danışıqlarda iştirak edib və onu bu danışıqlarda, ümumiyyətlə daşıdığı vəzifədə uğursuz hesab etmək mümkün deyil: “İranın mövcud durumunda Ruhani-Zərif tandemi liberal elitaya lazımdır”.