Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.
- Sülhəddin bəy, Pakistanla Hindistan arasında son günlər müşahidə olunan və artıq hərbi fazaya keçən gərginliyi necə xarakterizə etmək olar?
- Əvvəla, bu münaqişənin yeni olmadığı nəzərə alınmalıdır. Münasibətlərin gərginliyinin səbəbi Hindistan və Pakistanın öz müstəqilliyini elan etməsindən əvvəllərə gedib çıxır. Kəşmirin üç yerə bölünməsinə qədər uzanır. Kəşmirin 45 faizi Hindistanın, 35 faizi Pakistanın, 20 faizi isə Çinin ərazisindədir. Ancaq qəribədir ki, nədənsə Çinin nəzarət etdiyi bu 20 faizlik ərazi haqqında heç kim söhbət etmir. Pakistan və Hindistan öz müstəqilliyini elan edərkən Kəşmirdə plebsist seçki keçirilib. Əhalinin mütləq əksəriyyətinin müsəlman olduğu kəşmirlilər Pakistana birləşməyə səs verib.
Amma buna baxmayaraq Kəşmirin şahzadəsi Hindistana birləşmək haqda qərar verib. Bunun ardınca 1948-ci ildə birinci, 1965-ci ildə ikinci müharibə və nəhayətdə 1999-cu ildə üçüncü müharibə olub. Yəni münaqişənin tarixi dərinliyi var. Eyni zamanda bu gün dünyada həm beynəlxalq, həm də regional miqyasda gedən geopolitik qarşıdurmalarla bağlıdır. Mən, hər zaman təkrar-təkrar bir ifadəni işlədirəm ki, hazırda dünyada həm qlobal, həm də regional miqyasda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Harada geopolitik çat varsa, o çatlar da zaman-zaman hərəkətlənmə olur. Cənubi Asiyada olan bu dərin çatlardan biri də məhz Kəşmirdən keçir. Odur ki, geopolitik hərəkətlənmə bu nöqtədə də yenidən gərginliyin artmasına və qarşıdurmaya səbəb olub.
- Son münaqişə Kəşmirdə Hindistan əsgərlərinə qarşı terror hadisəsi ilə başladı, ardınca dünən Hindistan qırıcıları Pakistan ərazisinə bomba atdı, bu gün isə Pakistan qırıcıları Hinsitan hava məkanını pozdu. Bu prosesin hərbi müstəviyə keçidinin işartısıdır?
- Dəqiq desək fevralın 14-də Kəşmirin Hindistan tərkibində olan hissəsində terror hücumu oldu. Bunun nəticəsində 44 hindli əsgər öldü, 20 əsgər isə yaralandı. Təbii ki, bu böyük terror hadisəsi idi. Hindistanda buna cavab olaraq fevralın 26-da, yəni dünən bu terror aktını öz üzərinə götürən “Ceyşe-Muhəmməd” terror təşkilatının Kəşmirin Pakistan hissəsində olan düşərgəsinə hava zərbəsi endirdi. Pakistan da bunu cavabsız qoymayacağını elan etmişdi. Bu gün səhər saatlarında Pakistan təyyarələri Hindistan hava məkanına daxil oldu və qarşılıqlı hava hərəkətləri nəticəsində insident böyüdü.
Pakistan tərəfinin dediyinə görə, iki Hindistan qırıcısı vurulub, onlardan biri Kəşmirin Pakistanın nəzarətində olan hissəsinə, digəri isə Hindistanın nəzarət etdiyi hissəyə düşüb. Hətta bildirilir ki, Pakistan ərazisinə düşən təyyarənin pilotlarından biri ələ keçirilib. Hazırda bununla bağlı video da yayılıb. Hindistan tərəfi isə elan edir ki, Pakistana aid bir təyyarəni vurub. Gördüyünüz kimi hələlik məhdud hava əməliyyatından söhbət gedir. Eyni zamanda həm Hindistan, həm də Pakistan tərəfi müharibə istəmədiklərini deyirlər. Həmçinin dünyanın böyük gücləri Cənubi Asiyanın bu iki böyük dövlətinin, nəzərə alsaq ki, hər ikisinin nüvə silahı var, arasında müharibənin yenidən alovlanmasını istəmirlər.
- Niyə?
- Adi silahlı qüvvələr sahəsində Hindistanın gözlə görünən üstünlüyü var. Beynəlxalq güclər narahatdırlar ki, əgər böyük müharibə başlayarsa Hindistan silahlı qüvvələr sahəsində üstün olduğundan Pakistan məcbur qalıb Hindistana nüvə zərbəsi endirə bilər. Bu da, proseslərin nəzarətdən çıxmasına gətirib çıxara bilər. Ona görə də, böyük güclər hər iki tərəfi soyuqqanlı olmağa dəvət edir, çalışırlar ki, hərbi müstəvidə olan insident lokallaşdırılsın.
- Sizcə, prosesin hərbi müstəviyə keçmə perspektivi nə qədər ciddidir?
- Artıq hərbi müstəviyə keçib, sadəcə söhbət onun miqyasından gedir. İndi söhbət bu müstəvinin lokallaşdırılmasından, prosesin müharibəyə keçməsinin qarşısının alınmasının vacibliyindən gedir.
- Əslində indiyə qədər iki ölkə arasında bu kimi hadisələr epizodik baş verir. Son günlər baş verənləri daha ciddi hadisə sayırsınız?
- Təbii ki, son hadisə ciddidir. Başlıca səbəb də geopolitik qarşıdurmanın sonuncu mərhələyə daxil olmasıdır. Böyük güclərin orta və kiçik gücləri tərəf seçməyə məcbur etməsidir. Burada həmən gördünüz ki, Pakistan tərəfi hansı ölkələrlə əlaqə saxlayır, hansı ölkədən hansı ölkəyə dəstək gəlir. Bu əslində geopolitik mübarizənin bir mənzərəsini də verir. Bu mənzərəyə diqqətlə baxsaq orada çox şey görmək mümkündür.
- Konkret olaraq son gərginlikdə ABŞ və ya Rusiyanın fəaliyyəti varmı?
- Düşünmürəm. Mənə elə gəlir ki, burada başlıca məsələ ABŞ-la Çin arasında gedən münaqişədir. Amma indiki halda nə Amerika, nə də Çin bu konfliktin baş verməsində maraqlı deyil.
- Niyə?
- Əgər hərbi insident Pakistan-Hindistan müharibəsinə gətirib çıxararsa, bu nə Çinin, nə də ABŞ-ın maraqlarına cavab verər. Çünki bu durum regionda sülh və barışa, eləcədə təhlükəsizliyə ciddi zərbə olar. Xüsusilə, ABŞ-ın Əfqanıstanda apardığı danışıqlara. Təbii ki, indi hər şey şərtidir, artıq daxili və xarici siyasəti klassik şəkildə ayırmaq mümkün deyil. Əslində daxili və xarici siyasət bir-birini tamamlayır. Təbii ki, burada bütün faktorların təsiri var, amma söhbət həlledici faktordan gedirsə, məncə, daxili və yerli lokal faktorlar aparıcıdır. Amma bir daha qeyd edim ki, geopolitik fonu unutmaq lazım deyil.
- Pakistanda hakimiyyət dəyişib. Hindistanda isə daxili siyasətdə ciddi mübarizə gedir. Bu mənada hadisələrin siyasi proseslərlə bağlılığı varmı?
- Müəyyən bağlılığı var. Pakistanda yeni hakimiyyət formalaşır, Hindistan isə yeni seçkilərə hazırlaşır. Ona görə də, hadisə hər iki ölkədə mövcud siyasi fona təsir edir. Bilirsiniz ki, siyasi ritorika belə həssas məqamlarda ciddi sosial-siyasi nəticələrə gətirib çıxarır.
- Siz hesab edirsiniz ki, münaqişə lokallaşdırılacaq və tərəflər hərbi fazadan tam geri çəkiləcək?
- Bu ehtimal daha böyükdür. Mən mövcud vəziyyətdə müharibənin nə Pakistan, nə də Hindistanın , eləcə də böyük güclərin marağında olduğunu düşünmürəm. Amma sözsüz ki, vəziyyət çox həssasdır və hər şey bir anda nəzarətdən də çıxa bilər. Yeri gəlmişkən, xatırladım ki, Pakistanda nüvə silahı hərbçilərin nəzarətindədir. Bu, Hindistan tərəfini çəkindirən amildir. Çünki hərbçilər qərar verdiyi halda bu silahdan istifadə edə bilərlər. Eyni zamanda konfliktin inkişafından narahat olan böyük gücləri də bu məqam qayğılandırır. Odur ki, bu münaqişəyə və insidentin aradan qaldırılmasına daha həssas yanaşılır.
- Səhər saatlarında tərəflər bir-birinin qırıcısını vurub, ancaq sanki böyük dövlətlər, BMT, Avropa Birliyi, NATO kimi qurumlar susmağa üstünlük verir...
- Mənə məlum olan budur ki, Pakistan və Hindistan intensiv diplomatik danışıqlar aparır. Artıq Avropa Birliyi, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, İngiltərə və Fransa bu məsələyə münasibət bildirib. Eləcə də, Çin. Hələlik bu məsələdə yeganə və açıq münasibət bildirən Fransadır. Rəsmi Paris bu münaqişədə Hindistanı haqlı sayıb. Ancaq hazırda vacib olanı bu iki nüvə dövləti arasında baş verən hərbi insidentin qarşısını almaqdır.