28 Fevral 2019 22:28
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan-Azərbaycan münasibətlərində son vaxtlar müəyyən neqativ meyllərin yaranmasına baxmayaraq, iki ölkənin əlaqələri hazırda öz səviyyəsinə görə Cənubi Qafqazda nümunəvi münasibətlər olaraq qalmaqdadır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Azərbaycanın təşəbbüsü və maliyyə yardımı ilə reallaşan bütün layihələrdə Gürcüstanın yaxından iştirak etməsi, üstəlik, bu ölkənin ən çətin günlərində Bakının Tiflisə əl uzatması iki xalqın yaddaşında özünə möhkəm yer edib:

“İnkişaf etməkdə olan dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərin möhkəm bünövrəsini təşkil edir. Gürcüstanın yeni prezidentinin Cənubi Qafqazda ilk olaraq Azərbaycana səfər etməsi sözün həqiqi mənasında təqdirəlayiq hadisədir. Bu, Gürcüstanın Azərbaycanın strateji mövqeyinə, ölkəmizin bu regionun aparıcı dövləti olmasına münasibətindən qaynaqlanır.

Üstəlik, xanım Zurabişvilinin özünün qeyd etdiyi kimi, bundan əvvəlki Gürcüstan prezidentləri də Azərbaycanda strateji münasibətlərin tərəfdarı olublar. O da bu siyasəti davam etdirmək niyyətindədir. Əlavə edib ki, bu strateji tərəfdaşlıq Gürcüstana çox böyük faydalar gətirib, sərfəli olub və bunun nəticəsində Azərbaycan-Gürcüstan münasibətləri dostluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf edib”.

Q.Hüseynli bildirib ki, Azərbaycanın yüksək səviyyəli rəsmi şəxslərinin S.Zurabişvili ilə keçirdikləri görüşlərdə iki ölkə arasında münasibətlərin inkişafı üçün lazım olan təkanlar verilib:

“Azərbaycan Prezidenti xanım prezidentin ölkəmizə səfərindən xeyli məmnun qaldığını nümayiş etdirdi. Görüşlərdə dövlətlərarası münasibətlərin bütün aspektləri müzakirə olundu. Demək olar, hər iki tərəfi təmin edəcək rəyə gəlindi. Zənnimcə, Gürcüstan-Azərbaycan münasibətləri Türkiyə ilə olan münasibətləri də bura əlavə etsək, deyə bilərik ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın möhkəmləndirilməsi üçün mühüm əsasdır. Bu əsas üzərində bütün Cənubi Qafqazda perspektivdə sülh və əmin-amanlığı təmin etmək mümkün ola bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər