1 Mart 2019 17:40
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupunun həmsədrləri öz postlarından ayrıldıqdan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif bəyanatlar səsləndirməklə özlərini gündəmə gətirməyə çalışırlar”.

Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlikin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini Teleqraf.com-a şərh edən politoloq Sədrəddin Soltan belə deyib.

Ekspert amerikalı diplomatın fikirlərini ciddi hesab etmir:

“Çünki Ceyms Uorlik iki ildən çoxdur ki, hadisələrdən kənardadır və nə baş verdiyindən də ciddi məlumatı yoxdur. Hətta o, Ermənistanın yeni hökumətinin fəaliyyətindən, aparılan danışdıqlardan məlumatlı deyil.

Paşinyanın məsələyə münasibətinə gəlincə, o, İrana səfərində nümayiş etdirdi ki, özündən əvvəlki hakimiyyətdən heç nəyi ilə fərqlənmir. Paşinyan təkidlə Qarabağın erməni icmasının danışıqlar prosesində iştirakını istəyir. Bu da Azərbaycan tərəfi üçün yolverilməzdir. Belə bir iddianın qaldırılması isə münaqişənin həll prosesinin uzadılması deməkdir. Sülhə hazır olan və öz xalqını düşünən hökumət başçısı belə məntiqsiz iddialarla çıxış etməz”.

Sədrəddin Soltan Ermənistanın yeni hakimiyyətinin Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkəcəyini düşünmədiyini diqqətə çatdırıb:

“Ümumiyyətlə, Paşinyanın mənsub olduğu etnik qrupun və dünya ermənilərinin mövqeyi budur ki, “Qarabağ erməni torpağıdır və öz iddialarından əl çəkməyəcəklər”. Bu, özünü Paşinyanın Tehranda “Ararat” klubunda keçirdiyi görüşdə də özünü göstərdi. Buna görə də, belə bir məqamda Paşinyandan geri addım atacağını gözləmək sadəlövhlükdür”.

Qeyd edək ki, Ceyms Uorlik Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni imkanların yarandığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər