“Bu günlərdə sosial şəbəkədə çox maraqlı və maraqlı olduğu qədər də düşündürücü bir videogörüntü yayıldı. Fevralın 26-da bir nəfər vətəndaş öz dəstəsi ilə Xocalı abidəsinə tərəf gedən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə yanaşaraq, ona bir şəkil göstərir və sual verir. Sədr sualdan yayınır, onun ətrafındakılar isə vətəndaşı qovmağa çalışırlar. Vətəndaş inadkarcasına sualını təkrar edir və birdən partiya sədri açıq kamerya vətəndaşı söyməyə və şəxsiyyətini təhqir etməyə başlayır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, hər şey vətəndaşın Azərbaycan siyasi partiya sədrinə sual verməsindən başlayır:
“O YAP-çı və ya AXCP-çi, sahibkar və ya sürücü, cavan və ya yaşlı, peşəkar politoloq və ya sadəcə həvəskar ola bilər. Bunun heç bir əhəmiyyəti yoxdur, o vətəndaşdır və onun siyasətçiyə sual vermək və onun cavabını istəmək hüququ var. Ona görə ki, siyasi partiya rəhbəri siyasi hakimiyyət uğrunda mübarizə aparır və vətəndaş onu idarə etmək və taleyini müəyyən etmək iddiasında olan insanı daha yaxşı tanımaq istəyir. O onun lideri olmaq istəyini elan edən şəxsin onunla açıq danışmasını istəyir. Çünki siyasətçi cəmiyyət üçün tam aydın bir şəxs olmalıdır.
Əvəzində isə siyasi hakimiyyətə iddialı olan siyasi partiya rəhbəri vətəndaşı nəinki siyasətçiyə, hətta adi insana yaraşmayan tərzdə küçə sözləri ilə təhqir etməyə başlayır”.
Aydın Mirzəzadənin sözlərinə görə, Əli Kərimli xalqla, vətəndaşla başqa cür danışa bilmir, siyasi təcrübəsi ona adi insanlarla danışmaq, ona hörmətini göstərmək, hətta ona xoş gəlməyən suallara cavab vermək qabiliyyətini öyrətməyib:
“Vətəndaş onun üçün hakimiyyətə gəlmək vasitəsidir, onun çağırdığı mitinqə gələn insan sayıdır, adından danışdığı , ancaq adına hörmət etmədiyi bir subyektdir. Vətəndaş isə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimliyə bu sualları verirdi; Xaricdə təhsil alan oğlunuzun maliyyə mənbəyi haradandır? Azərbaycan Prezidentinin oğlu hərbi xidmət çəkdiyi halda, sizin oğlunuz niyə hərbi xidmətə getmir ?”