Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə özünə qarşı olan müxalif qüvvələrdən narahatdır, çabalayır. Hətta parlamentə dəvət edib ondan Azərbaycanla danışıqların məzmununu açıqlamağı tələb edirlər. Məncə, o, Qarabağla bağlı konkret prioritetlərini hələ cızmayıb.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Onun fikrincə, Paşinyan keçmiş Qarabağ klanını hakimiyyətdən uzaqlaşdıraraq, müəyyən plana uyğun hərəkət etmək istəyirdi: “Amma hakimiyyətə gələndən sonra başa düşdü ki, Ermənistanın yeganə inkişaf yolu Azərbaycan torpaqlarını azad etmək, sülhə gedib Dağlıq Qarabağ məsələsini həll etməkdən ibarətdir.
Görünür, artıq bu, onun səlahiyyətindən kənardadır. Çünki bir sıra qüvvələr arasında çabalayır və hələlik konkret heç bir şey deməməyə çalışır. Gah deyir, danışıqlara separatçıları cəlb etmək lazımdır, gah da bəyan edir ki, biz Azərbaycanla danışıqlar masasında ümumiyyətlə, münaqişəni müzakirə etmirik, hələlik texniki-təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Bu, cəfəng və gülünc ifadədir. Sənin xarici işlər nazirin Azərbaycan XİN rəhbəri ilə neçə dəfə görüşüb təşkilati məsələləri müzakirə etməlidir?”
Politoloq qeyd edib ki, münaqişənin müzakirə olunduğu aydın məsələdir: “Sadəcə olaraq, onlar başa düşür ki, Azərbaycanın təzyiqi böyükdür, gec-tez nə isə etmək, torpaqları azad etmək lazımdır. Beynəlxalq hüquq normaları, qəbul olunan qətnamələr var.
Təsadüfi deyil ki, Paşinyan çıxışının birində Azərbaycanın silahlandığını bəyan etmişdi. Söyləmişdi ki, bizə Azərbaycanın təzyiqi artır, təhlükə yaradır. Azərbaycan neyləməlidir ki? Torpaqlarının 20 faizi 25 ildən artıqdır işğal altındadır, oturub Paşinyanın xoşməramlı addımlarını gözləməlidir? Özünü qəfəsdəki kimi aparır, ancaq bunun geci-tezi olduğunu anlayır.
Təzyiqlər artır, Avropada da ona açıq şəkildə deyildi ki, format düşünülmüş və çoxillik formatdır və bunun dəyişilməsinə, prosesə üçüncü tərəfi cəlb etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, oturub məsələni müzakirə etmək lazımdır. Müzakirələr aparırsa, başa düşməlidir ki, Azərbaycanın torpaqları boşaldılmalıdır”.
Fikrət Sadıqov vurğulayıb ki, format, danışıqlara kiminsə cəlb olunması və ya təşkilati məsələlər Azərbaycanı maraqlandırmır və bunlar müzakirə predmeti olmamalıdır: “Paşinyan danışıqlara razılıq veribsə və üçüncü tərəfin iştirakı nəzərdə tutulmayıbsa, aydın məsələdir ki, Azərbaycanla Ermənistan arasında münaqişə müzakirə ediləcək. Həmsədrlər formatında görüşürüksə, artıq münaqişə ətrafında müzakirə aparılmalıdır. Rəsmi Bakı da bu fikirdədir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.