7 Mart 2019 09:23
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər İdlib istiqamətində, ümumən Suriya mövzusunda Türkiyə ilə Rusiya arasında fikir ayrılıqlarında dərinləşmə davam edir. Oktyabrın 15-nə qədər İdlibdə Türkiyənin gözləmə məntəqələri qurulmalı, proseslər Türkiyənin nəzarətində davam etməli və sabitlik yaranmalı idi. Üstəlik terror qrupları da tədricən İdlibi tərk etməli idi. Amma görünən odur ki, bu istiqamətdə ciddi irəliləyiş yoxdur. Rusiya da bu məsələdə Türkiyəyə qarşı mövqe nümayiş etdirir.

Bu fikirləri Teleqraf.com-a siyasi şərhçi Oqtay Qasımov son zamanlar İdlib istiqamətində mövcud olan gərginliyi, habelə Rusiya-Türkiyə, ABŞ-Türkiyə münasibətlərində yaranan real durumu şərh edərkən deyib.

Müsahibimiz hesab edir ki, Rusiyanın bu mövzuda fərqli mövqe nümayiş etdirməsi onun maraqlarından irəli gəlir: “Əsəd rejimi Rusiyanın təsir dairəsindədir, rusların Suriyada hərbi bazaları var. İndiki məqamda Rusiyanın Suriyada möhkəmlənməsi onun Yaxın Şərqdə manevr imkanlarını artıracaq.

İkincisi, Rusiya Suriya böhranının həllində Türkiyənin iştirakına tərəfdardır, amma əsas fikir ayrılığı onunla əlaqəlidir ki, Moskva Suriya rejimi ilə Türkiyənin birbaşa təmaslara keçərək problemin həllində birgə addımların atmasını istəyir. İki ay əvvəl Ərdoğanla görüşü zamanı Putin bu istəyini dilə gətirdi. Ruslar 1998-ci ildə Türkiyə ilə Suriya arasında bağlanan Adana müqaviləsini gündəmə gətirir. Bu müqavilənin şərtinə görə, Suriya ərazisindən Türkiyəyə qarşı terror təhdidi ola bilməz. Əgər belə təhdid olarsa, bunun qarşısını Suriya dövləti almalıdır. Bunu ala bilmədiyi halda Türkiyənin hüququ çatır ki, öz təhlükəsizliyini təmin etsin. Rusiya və İran liderlərinin son Soçi görüşündə dilə gətirdiyi məqamlardan biri də budur. Yəni bu iki ölkə Türkiyəni birbaşa Bəşər Əsədlə danışıqlara getməyə sövq edir. Hələlik Türkiyə hakimiyyəti bu məsələyə ya hazır deyil, ya da bunun əleyhinə çıxır. Bu da Suriya hakimiyyətinə və onun müttəfiqi Rusiyaya əlavə arqumentlər verir ki, İdlib və digər bölgələrdə Suriya rejimi hakimiyyətini tam bərpa etsin. Suriya hakimiyyətinin bu istiqamətdə addımlar atması onun dövlət kimi hüquqlarıdır. Məsələyə Türkiyə açısından baxanda bir qədər çıxılmaz durumun olduğu görünür. Türkiyə bu an etibarı ilə İdlib məsələsində Rusiya ilə üz-üzə gəlir. Üstəlik Suriyada PKK/PYD mövzusunda ABŞ-Türkiyə gərginliyi var. Tramp dekabrda elan etdi ki, ABŞ Suriya ərazilərini tərk edəcək. Ancaq bu, indiyə qədər baş verməyib. Əksinə, ABŞ başqa formada terror təşkilatlarına dəstəyini artırır. Bu mənada düşünürəm ki, Türkiyənin durumu heç də ürəkaçan deyil. Görünən odur ki, sonda Türkiyə hakimiyyəti hansısa formatda Bəşər Əsəd hökuməti ilə dialoqa getməlidir. Çünki Suriya hakimiyyəti beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək Suriya ərazilərinə dövlətin nəzarətini bərpa etmək üçün addımlar atır. Heç kim də buna qarşı çıxa bilməz. Avropa Birliyi dövlətləri də etiraf edirlər ki, Suriyada Əsəd vacib oyunçudur, onunla danışıqlara gedilməlidr, onsuz problemin həlli mümkünsüzdür. O baxımdan Türkiyənin bölgədəki durumu dediyim kimi, heç də ürək açan deyil”.

Bu ərəfədə ABŞ-Türkiyə münasibətlərinin heç də qaydasında olmadığını bildirən Oqtay Qasımov əlavə edib ki, S-400 kompleksi mövzusunda Vaşinqton-Ankara xəttində gərginlik daha da ciddi xarakter alır: “ABŞ-la Türkiyə arasında son illər münasibətlər geriləyib. Bu həm Türkiyədə baş verən hərbi çevriliş, həm FETÖ-ya münasibət, həm də bölgədəki terror təşkilatlarına ABŞ-ın dəstəyindən doğub. S-400 kompleksinin alınması isə həll edilib. Yəni ABŞ-ın Türkiyəni bundan imtina etməyə nail ola biləcəyi imkansızdır. Rusiya tərəfi də təsdiq etdi ki, iyul ayından S-400-lərin Türkiyəyə verilməsinə başlanılacaq. Rusiyadan S-400 kompleksi almaq Türkiyənin suveren dövlət kimi haqqıdır, amma NATO üzvü olduğu üçün müəyyən öhdəlikləri də var. İndi ABŞ-da elan edirlər ki, əgər Türkiyə Rusiyadan S-400 kompleksi alarsa, ABŞ tərəfindən ciddi sanksiyalara məruz qala bilər. Nəzərə alınmalıdır ki, ABŞ-ın başında proqnoz edilməyən lider var və o istənilən anda istənilən manevr edə bilər. Yəni gözlənilməz addımlar atmağı, dediyini inkar etməyi bacaran şəxsdir. Təbii ki, sanksiyalar ola bilər və mümkündür. Əsasən də Türkiyəyə qarşı müdafiə sənayesi və texnoloji məhsulların satışı ilə bağlı sanksiyalar ola bilər. Amma nəzərə almaq lazımdır ki, neçə illərdir Türkiyə ABŞ-dan “Patriot” hava müdafiə sistemləri almağa çalışsa da, Vaşinqton bu təklifləri qulaqardına vurub. Yəni Türkiyənin maraqları nəzərə alınmayıb və ABŞ Ankaranı vadar edib ki, bu istiqamətdə Rusiya ilə əməkdaşlıq etsin və S-400 alsın. Buna görə əsas günahkar Türkiyənin son 60 ildəki müttəfiqi olan ABŞ-dır. Türkiyə də müdafiə haqqından istifadə edərək alternativ qərarlar verdi. Təbii ki, müəyyən gərginləşmə olacaq. ABŞ bu sanksiyalara getsə də, Türkiyə kimi bir müttəfiqin və bölgədə söz sahibi olan güclü dövlətin qarşısını almaqda maraqlı olmaz. Məncə, burada daha çox iş diplomatların üzərinə düşəcək. Hər halda Türkiyə ABŞ-la müttəfiqliyini qorumaqda daha çox qərarlı görünür. ABŞ-da anlamalıdır ki, regionda əsas oyunçularından birinin qarşısını almaq və onunla müttəfiq münasibətlərini pozmaq maraqlarına uyğun olmayacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər