Cənab prezident hələ 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2019-cu ilin geniş islahatlar ili olacağının anonsunu vermişdi. Həqiqətən cənab prezidentin dediyi kimi oldu. İlin əvvəlindən sosial sahədə inqilabi islahatlar aparılır. Dövlət başçısı tərəfindən əhalinin rifah halının yüksəldilməsi məqsədilə bir birinin ardınca çoxsaylı fərman və sərəncamlar imzalanır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.
O qeyd edib ki, son iki ay ərzində sosial müavinətlər və təqaüdlər, o cümlədən tələbələrin təqaüdləri artırıldı, minimum əmək haqqı 130 manatdan 180 manata qaldırıldı, problemli kreditlərlə bağlı ayrıca fərman imzalandı:
“Vətəndaşlar ümidlə gözləyirdilər ki, ölkə prezidenti nə zamansa problemli kreditlər məsələsinə son qoyacaq. Həqiqətən də, ölkə prezidenti bir fərmanı ilə illərlə yığılıb qalmış bir çox problemi, o cümlədən problemli kreditlərlə bağlı məsələni həll etdi. Dövlət bu sosial işlərə 1 milyard manatdan artıq vəsait xərcləyəcək. Elə təkcə 900 min nəfərin problemli kreditinin həlinə 700 milyon manat vəsait xərcləndi. Bu addımlarla ölkə prezidenti bir daha göstərdi ki, o, hər zaman vətəndaşın yanındadır. Azərbaycan Prezidentinin və dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşı dayanır. Cənab prezident hər bir çətinlikdə xalqının yanındadır”.
R.Zeyni deyib ki, indiki həssas, kövrək dövrdə bu islahatların, keçirilən görüşlərin qiyməti əvəzsizdir:
“Çünki bunların hamısı bir yerdə, bütövlükdə Azərbaycanın bu gün və gələcək inkişafı, ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşması və onların Azərbaycan Prezidenti və dövləti ətrafında daha sıx birləşməsi ilə bağlıdır. Bu milli birliyə Azərbaycan xalqının çox böyük ehtiyacı var. Bu gün və bundan sonrakı dövrlərdə istər sosial, istər iqtisadi, istərsə də siyasi problemlərin həll olunmasında, Qarabağın işğalına son qoyulmasında bütövlükdə xalqın və dövlətin birliyinə çox böyük ehtiyac var. Mən fürsətdən istifadə edib bu tədbirlərin, görüşlərin keçirilməsi və islahatların aparılması ilə əlaqədar olaraq ölkə prezidentinə vətəndaş cəmiyyəti adından öz təşəkkürümü bildirirəm. Bütövlükdə bu islahatların hamısını qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti çox yüksək dəyərləndirir”.