Xarici işlər naziri Elmar Məmmədyarov bu gün qarşı tərəfin xahişinə əsasən, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıт gündəliyinin bir sıra məsələləri, o cümlədən iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də çoxtərəfli formatlarda uğurlu əməkdaşlığın davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir M.Boçarnikov öz rəhbərliyinin tapşırığına əsasən, E.Məmmədyarovu aprelin 5-də Moskvada keçirilməsi planlaşdırılan MDB üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına dəvət edib.
E.Məmmədyarov öz tərəfindən dəvətə görə təşəkkürünü bildirib. Xarici işlər naziri Azərbaycan və Rusiya arasında mövcud əlaqələrin strateji xarakter daşıdığını və RF-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi oynadığı rolu vurğulayaraq, bu il 5-6 mart tarixlərində Moskvada Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin iştirakı ilə keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun növbəti iclasına RF dövlət rəsmilərinin də qatılmasının Azərbaycan tərəfinin etirazına səbəb olduğunu vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, hələ ötən ilin sonunda İrəvanda keçirilmiş sözügedən klubun ilk iclasına qondarma rejim nümayəndələrinin dəvət edilməsi, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribat xarakterli çıxışların səsləndirilməsi ilə bağlı narazılığımız Rusiya tərəfinə çatdırılıb. Bununla bağlı vurğulanıb ki, bu cür hallar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin əsaslarını müəyyən edən normativ hüquqi bazaya, habelə Rusiyanın vasitəçi roluna ziddir.
Söhbət əsnasında tərəflər həmçinin, bölgədə və dünyada cərəyan edən proseslər və qarşılıqlı olaraq maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparıb.