11 Mart 2019 14:00
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən yazılarımda son on illikdə dünyanın müxtəlif coğrafiyalarında dövlətlərə qarşı hibrid müharibələrin aparılması, hərbi məqsədlərin qeyri-hərbi, siyasi, iqtisadi, texniki, propaqanda-təbliğat alətləri ilə aparılması ilə üz üzə qalması haqqında yazmışdım.

Qeyd etmişdim ki, hibrid müharibələrdə müxtəlif coğrafiyalarda regional və lokal sabitliyə qarşı yönəlmiş, kəşfiyyat və xüsusi xidmətlərin apardığı kənar təsirlər və dezinformasiyalarla ictimai fikirlərin yönləndirilməsinə çalışan sistemli informasiya-təbliğat əməliyyatlarının aparılması təcrübəsi geniş yayılmışdır. Bu məqsədlərdə dövlətlərin ərazisində separatizm ocaqlar və qrupların, terror və radikal dini qrupların dəstəklənməsi, həyati vacib obyektlərdə texnogen qəzalara səbəb ola biləcək kiber hücumlar, cəmiyyətlərə həssas mövzular ətrafında əks -təbliğat aparmaqla təsir və ya idarə etmək , ən əsası dövlət institutlarında və idarəçiliyində mühüm postlar tutmuş şəxslərin gözdən salınmasına yönəlmiş sistemli fəaliyyət həyata keçirilir.

Ölkəmizin hibrid informasiya müharibəsində sistemli siyasi , iqtisadi və informasiya əməliyyatlarına məruz qalan dövlətlər sırasında olması haqqında söz açmışdım. Ölkəmizə qarşı tətbiq olunan müxtəlif hibrid alətlərdən ən geniş yayılmışı heç şübhəsiz, cəmiyyətin parçalanmasına yönəlmiş, onları birləşdirən dəyərlərin gözdən salınması və həssas mövzular üzərində aparılan manipulyasiyanın yaratdığı qıcıq və bunun üzərindən artan gərginliyin istifadəsinə hesablanmış informasiya əməliyyatlarıdır .

Biz davamlı olaraq müxtəlif qruplar tərəfindən həssas dövrlərdə kütləvi şüurun ağrılı nöqtələrinə basılmaqla cəmiyyətimizin parçalamaq cəhdlərini müşahidə etməkdəyik. Biz bunu cəmiyyəti birləşdirən müxtəlif dəyərlər , mövzular və hadisələr ətrafında müşahidə edirik. İstər dini , dünyəvi və milli bayramlar, istər milli faciə günlərinin il dönümləri, istər cəbhədə gərginlik, istərsə də texnogen və ya terror hadisələri ərəfəsi və s. biz bunu müşahidə edirik.

Detallara varmadan sadaladıqlarıma nümunə olaraq bu ilin yay aylarında Mingəçevirdə baş vermiş texnogen qəza, Gəncədə terror olayları, Dağlıq Qarabağla bağlı danışıqların xeyrimizə dəyişən həssas məqamları ərəfəsi və ya hər bir azərbaycanlının fəxri sayılacaq Milli Qəhrəman Mübariz İbrahimovun mövzu edildiyi zamanları göstərə bilərik.

Məlumat üçün onu da qeyd edim ki, son illərin hibrid üsullarında cəmiyyətlərin parçalanmasına yönəlmiş propaqanda vasitələrindən biri də feminist propaqandadır.

Mühafizəkar cəmiyyətlərdə kişilərin və qatı mühafizəkar kəsimin qıcığına və bunun üzərindən artan gərginliyin istifadəsinə hesablanmış feminist propaqanda məlum dairələr tərəfindən son illər geniş tətbiq olunmaqdadır.
Bu günlərdə 8 Mart Beynəlxalq Qadınlar günü Bakıda guya ki, feminist qadınların razılaşdırılmamış aksiya keçirilməsinə cəhd olundu. Cəhd olunan aksiya haqqında fikirlərimi yazmamışdan qabaq qeyd edim ki, 2009-2013 cü illər ərzində BMT, səfirliklər, yerli və xarici institutların və fondların xətti, yerli icra hakimiyyətlərinin dəstəyi ilə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Şəki, Oğuz, Qax , Qəbələ, Quba, Lənkəran, Masallı, Xaçmaz , Şabran rayonlarında qadın haqları uğrunda, qadınların siyasətdə aktivliyi uğrunda, azyaşlı qızların təhsildən yayındırılması, qadına qarşı məişət zorakılığı və şiddətə qarşı ictimai şüurda müqavimət alətləri və sosial adaptasiya vasitələri və s. kimi mövzularda yüzdən çox təlimin təşkilatçısı və təlimçisi olmuş kimi qadın haqları uğrunda istənilən səmərəli təşəbbüsləri ancaq alqışlayıram .

Lakin bu günlərdə qrant dəllallarının "qadın haqları uğrunda mübarizə" adı altında siyasi aksiyalarını çirkli və ən əsası belə həssas mövzu üçün ziyanlı hesab edirəm. Keçirilməsinə cəhd edilən aksiyadan görüntülərə bir dəfə baxmaq kifayətdir, aydın olsun ki, bu aksiyanın qadın haqlarına və onların həlli heç bir aidiyyatı belə yoxdur .

Görüntülərdən aydın olur ki, qadın haqları və gender bərabərliyi sahəsində institutsional fəaliyyət göstərən heç bir QHT və təşkilatın, gender aktivistlərinin iştirak etmədiyi bu aksiyanı müxalif partiya simaları və ən əsası qrant dəllalları sadəcə öz məqsədlərində digər mövzular kimi , indi də bu mövzunu istismar edirlər.
Qrant dəllallarını qabartmağım təsadüfi deyildi , görüntülərdən də diqqət çəkən media və jurnalistika aktivisti, bütün sahələr üzrə müxalifətçi və keçirilən bütün etiraz aksiyalarının təşkilatçısı kimi tanınmasına can atan “feminist” Xədicə İsmayılın adəti üzrə göstərdiyi xüsusi canfəşanlığı idi.

Burda onu da xatırlamaq yerinə düşər ki, hələ yay aylarında xarici mediaya verdiyi müsahibəsində Xədicə İsmayıl özünü müxalifətdə nüfuz sahibi kimi qələmə verməklə, yeni müxalif siyasi qüvvə kimi tanınan bir partiyanın keçirdiyi aksiyasının təşkilatçılığını öz adına çıxmış və bu, partiya rəhbərliyində, ümumilikdə ictimai sektorda çaşqınlıq və qalmaqal yaratmışdı.

Aydın məsələdir ki, bu günlərdə keçirilməsinə cəhd edilən feminist aksiyada da iştirak etməkdə onun məqsədi, baş tutacağı halda özünü yenə təşkilatçı kimi qələmə vermək, feminist layihələrə görə qrant almaq istəyi idi. Xüsusi ilə bu günlərdə OCCRP-in erməni əsilli biznesmen Ruben Vardanyan haqqında “Troika” pul yuma sxeminin dərci ilə aşkara çıxan həqiqətlərdə əlaqələrinin ifşa olunmasının onun maliyyə dayanıqlığına təsirsiz ötüşməyəcəyini anlaması bu əbədi müxalifətçini növbəti qrant sərgüzəştlərinə baş vurmaq məcburiyyətində qoydu.

P. S. Hadisə baş verən gün Facebookda bu mövzuda status yazanda yuxarıda haqqında yazdığım bəzi məqamları bilərəkdən qabartmamışdım. Bu, öz əqli mülkiyyətini qorumaq fəndidir.Çünki uzun müddətdir ki, bir qadın və bir kişinin birləşərək özgə yazılarına əl gəzdirib öz adlarına çıxdıqlarını bilirəm.

Yeganə Hacıyeva, Beynəlxalq hüquq və münasibətlər eksperti


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər