11 Mart 2019 17:30
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) yaydıqları bəyanatın mahiyyətinə baxdıqda görünür ki, bu, Ermənistana ünvanlanıb, konkret ismarıclar var”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev “Real TV”yə müsahibəsində qeyd edib ki, bəyanatda danışıqlar prosesinə hər hansı qeyd-şərtin qoyulmasının yolverilməz olduğu qeyd olunub: “Vurğulanıb ki, prosesi pozmağa cəhd edən aqressiv ritorikalar aradan qaldırılmalıdır, həmçinin danışıqlar prosesinin indiki vəziyyətində onun gələcəyini şərtləndirəcək fikirlərin söylənilməsi kimi yanaşmalar da doğru deyil. Həmsədrlərin bəyanatında münaqişənin mərhələli yolla həlli konsepsiya olaraq qeyd olunur. Azərbaycan bunun tərəfdarıdır. Beynəlxalq ictimaiyyətdə bu reallığı qəbul edir ki, münaqişə mərhələli addımlarla həll edilməlidir. Həmsədrlər tərəfindən xüsusi vurğu qoyulan məqam Dağlıq Qarabağ bölgəsi ətrafında işğal edilən rayonlardan Ermənistan qoşunlarının çıxarılmasından, məcburi köçkünlərin və qaçqınların geri qayıtmasından ibarətdir. Burada münaqişənin kompleks şəkildə həll üçün məcburi köçkünlərin geriyə qayıdış hüququ təsbit olunub.

Bəyanatda “maraqlı tərəflər” ifadəsindən istifadə olunur ki, bu da erməni və azərbaycanlıların Dağlıq Qarabağ icmalarına xitabdır. Ermənistan və Azərbaycan münaqişə tərəfləridir. Bu bəyanatı Azərbaycan mövqeyini əks etdirən tezislər baxımından məqbul sənəd kimi qəbul edə bilərik. Bunun da ünvan sahibi Ermənistandır”.

PA rəsmisi xatırladıb ki, bəyanata Ermənistan Xarici İşlər Nazirliyindən ilk münasibət açıqlanıb, həmçinin bəzi şəxslər münasibət bildirib: “Bunu Ermənistanın özünü müdafiə, bəraət cəhdi kimi qiymətləndirmək olar. Ermənistan bu bəyanatı da “Yol xəritəsi” kimi qəbul etməlidir. Təəsssüflər olsun ki, Ermənistan tərəfinin mövqeyində bu bəyanatın başqa bir formada qələmə verilməsi, əsas mahiyyətdən yayınma halları müşahidə olunur. Düşünürəm ki, Ermənistan tərəfi ünvan sahibinin kim olduğunu bilir. Bunu uşaqsayağı cığalbazlıq adlandıra bilərik”.

H.Hacıyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi qətidir və birmənalıdır: “Prezident İlham Əliyev tərəfindən son həftə ərzində diplomatik tədbirlərdə və görüşlərdə ölkəmizin mövqeyi bir daha izah olunub. Azərbaycan görüş naminə görüşlərin tərəfdarı deyil. Münaqişənin həlli üçün münbit şərait yaranıb, ona görə də beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri səylərini daha da təmərküzləşdirməlidir, nəticəyə nail olmaq istiqamətində ardıcıl səylər göstərilməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan iddia ilə çıxış etmişdi ki, görüş ola bilər, amma gündəliyi müzakirə mövzusu deyil və yaxud da görüş olduğu təqdirdə format məsələsini müzakirə ediləcək. Azərbaycanın, o cümlədən həmsədrlərin də bəyanatında qeyd olunduğu kimi format müəyyənləşdirilməsi müzakirə mövzusu deyil, format bəllidir, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılmalıdır. Gündəliksiz də danışıqlar olmur, ali səviyyədə sammit toplantısı keçirilirsə, gündəlik üzrə olur. Münaqişə ilə bağlı predmetli, substantiv və intensiv müzakirələr aparıla bilər, amma Ermənistan bundan qaçır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər