12 Mart 2019 12:41
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Helsinki Yekun Aktına əsaslanan son bəyanatının ardınca Azərbaycan ordusunun genişmiqyaslı təlimiləri Ermənistanın baş naziri Nikol Paşinyanın təcili Qarabağa gəlməsinə səbəb oldu. Onun danışıqlarda format dəyişikliyi təklifi Avropa İttifaqı tərəfindən də qəbul edilməyərək Qarabağ danışıqlarında mövqeyinin zəifləməsinə gətirib çıxardı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsəsdullazadə bildirib.

O qeyd edib ki, N.Paşinyanın işğal olunmuş ərazilərdə Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasını keçirərək, Azərbaycan ordusunun hərbi təlimlərini, müdafiə xəttinin möhkəmləndirilməsini müzakirə etməsi istisna deyil:

“Çünki Nikol Paşinyan hakimiyyətə gəldiyindən bəri Azərbaycan ordusunun ilk genişmiqyaslı hərbi təlimləri keçirilir və bu təlimlər birbaşa Ermənistana mesaj xarakteri daşıyır. Artıq Paşinyan Qarabağ separatçılarına onların danışıqlarda yer ala bilməsinin mümkünsüzlüyünü də çatdırıb. Təhlükəsizlik Şurasının iclasını Qarabağda keçirməsi göstərir ki, Paşinyan cəbhədə yarana biləcək vəziyyətdən ciddi şəkildə narahatdır. Çünki növbəti hərbi əməliyyatlar da Ermənistan ordusunun məğlubiyyətinə səbəb olacaq. Bu da Paşinyan üçün siyasi fiaskodur”.

Politoloq qeyd edib ki, ümumiyyətlə, N.Paşinyanın Təhlükəsizlik Şurasının iclasını Xankəndidə keçirməsi danışıqlar prosesinə zərbədir:

“Bundan əlavə İrəvan Helsinki Yekun Aktının müddəalarını və yenilənmiş “Madrid prinsipləri”ni qəbul edərək, danışıqlarda iştirak edirsə, buna baxmayaraq, digər şərtlər irəli sürürsə, danışıqlardan yayınırsa, Azərbaycanın güc tətbiq etməsi gündəmə gəlməlidir”.

Siyasi şərhçi onu da bildirib ki, Azərbaycan ABŞ və Avropa İttifaqı ilə Qarabağ münaqişəsinin həlli istiqamətində sıx işləməli, yəhudi lobbisini bu prosesə dəstək verməyə cəlb etməlidir:

“ABŞ və Avropa dövlətləri Ermənistana diplomatik təzyiq etməyincə, İrəvan işğal olunmuş ərazilərdən çıxmayacaq və Rusiya Ermənistanda möhkəmlənməsini davam etdirəcək. Azərbaycan ABŞ və Avropa ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirməlidir ki, işğal olunmuş ərazilərin qaytarılması üçün hərbi əməliyyatlara başlayarsa, bu dövlətlərin neytrallığını saxlaya bilsin”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər