Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri və bu səfər çərçivəsində baş nazir Eduard Filiplə görüşməsi iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr var. Ancaq bununla belə əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də mövcuddur.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Fransa Avropa siyasətini müəyyənləşdirən “Böyük beşlik” adlandırılan qrupa daxil olan ölkələrdən biri, üstəlik ATƏT-in Minsk Qrupunun həm üzvü, həm də həmsədrlərindən biridir:
“Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daim Azərbaycanın diqqət mərkəzindədir. Elə Fransa üçün də Azərbaycan ciddi və etibarlı tərəfdaşdır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 59 Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər irihəcmlidir. Fransanın baş naziri ilə görüşdə dəmiryolu, kommunikasiyalar və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir və tərəflər buna hazırdır”.
H.Babaoğlu daha sonra deyib:
“Heç şübhəsiz, Fransa yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq üzərinə ciddi öhdəlik götürüb və biz digər həmsədr ölkələrlə bərabər bu Avropa ölkəsindən də real addımlar atmasını gözləyirik. Məhz bu gözləntiləri ifadə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbuledilməzdir. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun müqabilində baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində çox da sadə olmayan bir mərhələdə Fransa baş nazirinin belə mövqe bildirməsi əslində ATƏT-in həmsədrlərinin bəyanatında səsləndirilən Helsinki Yekun Aktında göstərilən “milli müqəddəratı təyinetmə dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır” prinsipini dəstəkləmək kimi başa düşülür. Ona görə ki, bu bəyanatı qəbul edən ölkələrdən biri həmsədr ölkə kimi elə Fransadır. Bütün bunları ümumiləşdirsək görəcəyik ki, səfərin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər həm də onun mühüm siyasi tərəfləri var və bu, bizim üçün olduqca əhəmiyyətlidir”.