Müstəqilliyin ilk illlərində Azərbaycanın dünya birliyinə inteqrasiyası – beynəlxalq təşkilatlara üzvlük, qonşu dövlətlərlə münasibətlərdə balansın təmin edilməsi həyati əhəmiyyət kəsb edirdi. Gənc dövlət olaraq Azərbaycan müstəqilliyini qorumaq, möhkəmləndirmək üçün bəzən ağır öhdəliklər götürməklə beynəlxalq təşkilatlara üzv olur, xarici dövlətlərlə münasibətlərdə mövcud imkanlarını, gücünü nəzərə alaraq güzəştlərə getməli olurdu.
Zaman keçdikcə Azərbaycan müstəqilliyini möhkəmləndirdi, iqtisadi qüdrətini, hərbi gücünü artırdı, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirdi. Artıq bu gün Rəsmi Bakı xarici siyasət metodunda dəyişikliklər edərək balanslaşdırılmış xarici siyasi kursdan milli maraqlara söykənən kursa keçid edib.
İlham Əliyev: “Biz balans axtarmırıq”
Bu barədə ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində bildirib.
“Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq. Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq. Həm ikitərəfli formatda, həm də bizim təşəbbüsümüzlə qonşularla artıq üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatı mövcuddur. Onu da bildirməliyəm ki, bunun təşəbbüskarı da Azərbaycandır”, deyə Prezident İlham Əliyev qeyd edib.
Siyasi ekspertlər hesab edir ki, Azərbaycan nəinki yaxın qonşularla, hətta daha böyük coğrafiyanı əhatə edən əməkdaşlıq formatı yaradır. Nəhəng, transmilli layihələri həyata keçirmək üçün rəsmi Bakı coğrafi baxımdan uzaqda yerləşən dövlətlərlə sıx əlaqələr qurmalı, əməkdaşlıq etməlidir.
Elman Nəsirov: “Bütün addımlar milli maraqların müdafiəsinə yönəlib”
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov hesab edir ki, Azərbaycan dünya birliyinin layiqli üzvü olmaqla yanaşı, qonşu və regional dövlətlərlə yaxşı münasibətlər qurur: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, bu gün Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün çəkisi böyükdür. Sözün həqiqi mənasında,ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür, qiymətləndirir, ölkəmizi dünya siyasətində etibarlı tərəfdaş kimi dəyərləndirirlər. Azərbaycan müsəlman aləminin bir parçası olaraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dövlətlərlə sıx əlaqələr qurub. Müsəlman ölkələri digər beynəlxalq təşkilatlarda Azərbaycanı müdafiə edir. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq. Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb. Beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləyir.
Biz BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatının üzvüyük. Hərəkat Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Biz Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Azərbaycanın 155 ölkənin dəstəyi ilə 16 turdan sonra BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi dünyada bizə olan rəğbətin göstəricisi idi. Bütün dövlətlərlə dostluq və qarşılıqlı səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib prinsiplərindəndir. Bu prinsipləri Heydər Əliyev belə ifadə edib: "Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin, eyni zamanda, respublikamızın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, nəyin bahasına olursa-olsun, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq".
Həmsöhbətimiz bildirir ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası ərazi bütövlüyümüzün təmin edilməsi üçün vacibdir: “Ölkəmiz Avratlantik Tərəfdaşlıq Şurası, "Sülh naminə tərəfdaşlıq Proqramı" çərçivəsində NATO ilə əməkdaşlıq edir, Separatizmə, terrora, regional təhlükəsizliyə qarşı da birgə mübarizə aparırıq.
Bu gün Azərbaycan Avropa İttifaqı və Avropa Şurası ilə çoxtərəfli əlaqəlar qurub.
Azərbaycanın xarici siyasətində bütün addımlar milli maraqların müdafiəsinə yönəlib. Bizim daxili siyasətdə qazandığımız uğurlar, xarici siyasətdə mövqelərimizi beynəlxalq aləmdə möhkəmləndirməklə tamamlanır. Bu da nəticə etibarı ilə Azərbaycanı daha da gücləndirir. Ermənistan istisna olmaqla biz bütün dövlətlərlə əməkdaşlıq edir, əlaqələr qururuq. Təsadüfi deyil ki, Azərbaycan bu gün çox mühüm layihələrin əsas iştirakçısına çevrilib. Məhz qonşularla bizim mehriban münasibətlərimiz sayəsində bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində Cənubi Qafqazdan iştirak edən yeganə ölkədir. Eyni zamanda, bu gün Azərbaycan Avrasiya nəqliyyat qovşağının mühüm mərkəzinə çevrilib. Bu da bizim tarixi nailiyyətlərimiz sırasındadır. Şübhəsiz ki, Azərbaycan milli maraqlara söykənən siyasəti nəticəsində ciddi nüfuz qazanıb”.
Qeyd edək ki, Azərbaycanın dünyaya inteqrasiyası beynəlxalq təşkilatlara üzvlüyü, böyük iqtisadi layihələrdə iştirakı ilə yekunlaşmır. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli sərgi, forum, konfrans və idman yarışlarını da dünya birliyinə inteqrasiyanın vacib elementlərindən biri saymaq olar. 2012-ci ildə ölkəmizdə keçirilən Evrovision musiqi yarışması, 2015-ci ildə Birinci Avropa Oyunları, “Formula-1” yarışları Azərbaycanın dünyada tanıdılması baxımından böyük fürsət oldu və biz bu fürsətdən yararlana bildik.
Xarici siyasətimizin əsas məqsədi – Dağlıq Qarabağ
“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, siyasi ekspert Nizami Cəfərsoyun sözlərinə görə, Azərbaycanın dünya birliyinə inteqrasiyası və qonşu ölkələrlə münasibətlərinin kökündə üç faktor dayanır: “Bunlar milli müstəqilliyin qorunması, ərazi bütövlüyü və suverenliyin təmin edilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Hazırda milli müstəqilliyimizə hər hansı təhlükə qalmayıb. Müsətilliyimizin qorunması və gücləndirilməsi istiqamətində görülən işlər müsbət effektini verib və uğurlu alınıb. Xarici siyasətimizdə əsas məqsədlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı dəstək qazanmaq və real nəticələr əldə etməkdir. Bu sahədə müəyyən problemlər qalmaqdadır.
Rusiya və İranın son siyasəti - Ermənistan prezidenti Nikol Paşinyana isti münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeləri Azərbaycanın milli maraqlarına hec də cavab vermir. Belə olan halda balanslaşdırılmış xarici siyasət bizim milli maraqlarımıza heç də uyğun gəlməyə bilər”.
N.Cəfərsoy qeyd etdi ki, beynəlxalq münasibətlərin elmi nəzəriyyəsini yazan alimlərdən olan Hans Morgentau “dövlətlərarası siyasət” əsərində dövlətlərin xarici siyasi kursları ilə bağlı geniş bilgilər verib: “Balanslaşdırılmış xarici siyasətin özü də milli maraqlardan doğur. Geoiqtisadi, geosiyasi, geomədəni durum, təhlükəsizlik konsepsiyası, daxili reallıqlar xarici siyasətin metodunu müəyyən edir. Yəni biz onsuz da milli maraqlarımıza uyğun olmayan siyasəti balanslaşdırılmış xarici siyasətdə həyata keçirmirdik. Milli maraqlar xarici siyasətin hədəfi, balanslaşdırılmış siyasət isə xarici siyasətin metodudur. Azərbaycanda balanslaşdırılmış xarici siyasəti mərhum prezident Heydər Əliyev tərəfindən həyata keçirilirdi. Çünki o dövrdə dövlətin xarici siyasət qurumları yetərincə inkişaf etməmişdi. Ona görə də, xarici siyasətlə bağlı məsələləri Heydər Əliyev şəxsən müəyyən edir və o qərar verirdi. Yəni hamıya nə çox uzaq-nə çox yaxın siyasət prioritet idi”.
Medianın üzərinə düşən vəzifə
Hazırda Azərbaycanın xarici siyasi kursunda əsas strategiya dünya birliyinə inteqrasiya və qonşularla yaxşı münasibət qurmaqla ölkəmizin siyasi, mədəni və iqtisadi maraqlarını qorumaq, işğalçı Ermənistanı regional layihələrdən təcrid etməkdir. Bu yolla rəsmi Bakı Ermənistana təzyiqləri gücləndirir ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rol oynaya bilər. Ölkəmizdəki mövcud ictimai-siyasi sabitlik, inkişaf tempi Azərbaycanı daha cəlbedici ölkə edir. Odur ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər heç də təsadüfi deyil.
Azərbaycan Prezidenti Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında xarici siyasətdə vacib elementlərdən birinin üzərində xüsusilə dayandı. Söhbət Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq media qurumlarında işıqlandırmaqdan gedir. Bu mənada Azərbaycan jurnalistikasının üzərinə böyük vəzifə düşür. Təəssüf ki, dünyanın inkişaf etmiş ölkələrində erməni əsilli jurnalistlərin sayı azərbaycanlı jurnalistlərin sayından daha çoxdur. Transmilli media qurumlarında fəaliyyət göstərən erməni jurnalistlər əllərinə düşən fürsətlərdən işğalçı Ermənistanın maraqları üçün istifadə edirlər. Azərbaycan dövləti bu boşluğu aradan qaldırmaq üçün jurnalistika fakültələrində xarici dil tədrisinə xüsusi önəm verməli, jurnalistlər üçün dil kursları təşkil etməlidir.
Həmçinin media rəhbərləri, jurnalistlər qonşu dövlətlərlə münasibətlərə xələl gətirə biləcək yazılardan, tele-sujetlərdən uzaq olmalıdırlar.
Ruslan Xəlilov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.