Ermənistan cinayətkarlarının Təhlükəsizlik Şurasının iclasını işğal etdikləri Xankəndində keçirmələri Azərbaycana, beynəlxalq qurumlara və hüquqa meydan oxumaqdır. Nikol Paşinyan ətrafındakı işğalçılarla Azərbaycanın hava sərhəddini pozaraq ölkəmizin hava məkanına daxil olub, onların vertolyotu Azərbaycan tərəfindən vurulmalı, məhv edilməlidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, hansı ölkənin sərhəddi pozulursa, pozucu şəxs məsuliyyətə cəlb olunur: “Müqavimət göstərirsə, öldürülür, tuturlarsa, həbs edilir. Bunlara qarşı da bu qanun tətbiq olunmalıdır. Meydan sulayırlar ki, biz heç kimlə hesablaşmırıq, heç bir beynəlxalq qayda-qanunlara əməl etmirik, bu torpaqları işğal etmişik, kefimiz nə istəsə, onu edəcəyik. Bunların bu hərəkəti məntiqlə bizə bunu deməyə əsas verir. Beynəlxalq hüququn təsiri olmasa da, beynəlxalq qurumlar bunların nazı ilə oynasa da, Azərbaycan olaraq onların nazı ilə oynamayacaq”.
Elman Məmmədov qeyd edib ki, bu hallara son qoyulması, işğalçıların qayda-qanuna dəvət olunması üçün hər hansı qətnamələrin, danışıqların təsiri yoxdur.
Deputat dünyanın böyük beynəlxalq təşkilatı olan BMT-nin məlum 4 qətnaməsinin qəbulundan 26 ildən artıq müddət keçdiyini xatırladıb: “Bu qətnamələr icra olunmur və ermənilər buna məhəl qoymur, heç bir beynəlxalq qurumla hesablaşmırlar. Belə olan təqdirdə biz də öz bildiyimizi eləməyə başlamalıyıq. Vaxtilə ermənilər və havadarları güclü idilər, biz zəif idik, torpaqlarımızı işğal elədilər, bu gün vəziyyət 180 dərəcə dəyişib, güclü olan bizik. İqtisadiyyatımız, hərbimiz qüvvətlidir, bu illər ərzində beynəlxalq qurumlardan işğal faktorunu təsdiqləyən sənədləri almışıq, kifayət qədər hüquqi baza yaratmışıq. Hüquqa və gücümüzə istinad edib torpaqlarımızı cinayətkarlardan azad etmək üçün ayrı çıxış yolu qoymurlar, gücümüzdən istifadə etməliyik”.