13 Mart 2019 19:14
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə təsəvvür yaranır ki, Rusiya hakimiyyətindəki müəyyən bir qol – özü də xeyli möhkəmlənmiş və özünə yer tutmuş bir qol Azərbaycan-Rusiya münasibətlərinin inkişafı yolunda daim təfriqələr yaratmağa, bu inkişafın qarşısını almağa çalışır. Məsələn, son dövrlərdə Rusiya Xarici İşlər Nazirliyinin tutduğu mövqe adama çox qəribə gəlir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Rusiya XİN əvvəlcə ölkənin erməni mənşəli vətəndaşlarının Azərbaycana buraxılmadığından gileylənməyə başlayıb:

“Bildirdilər ki, bu, hansısa konvensiyaların pozulması, nələrinsə yerinə yetirilməməsidir. Yəni, bu cür məchul ifadələrdən istifadə etdilər. Azərbaycan tərəfi buna həm XİN-in mətbuat xidməti səviyyəsində, həm də xüsusi nota şəklində cavab verərək bildirdi ki, burada söhbət bütün Rusiya vətəndaşlarından getmir. Söhbət müharibə vəziyyətində olduğumuz ölkənin nümayəndələrinin Azərbaycana girişinə diqqətin artırılmasından və onlar ölkəyə daxil olarkən təhlükəsizliklərinə cavabdehlik probleminin yaranmasından gedir. Yəni, biz istəmirik ki, Rusiya vətəndaşı olan erməni xalqına mənsub insanlar Azərbaycanda müəyyən riskli vəziyyətlə üzləşsinlər. Rusiya yenidən bu mövzuya müraciət etməyə başlayıb və təbii ki, burada cənab Lavrovun, eləcə də onun nazirliyində işləyən xeyli sayda erməninin, mətbuat xidmətinin rəhbəri olan xanımın az rol oynamadığını görməmək mümkün deyil. Bu, rəvan inkişaf edən Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına yönələn bir təxribatdır və münasibətləri pozmaq xarakteri daşıyır”.

Q.Hüseynli qeyd edib ki, bundan əlavə son günlər Azərbaycan mənşəli, Azərbaycandan olan iş adamlarının obyektlərində ciddi reydlər keçirilir. Xüsusilə bu reydlər milliyyətcə dağ yəhudisi olan qubalı Qod Nisanovun, onun yaxın həmyerlisinin iri ticarət mərkəzlərinə polis hücumlarının təşkil edilməsi yolu ilə özünü göstərir:

“Bu reydlər zamanı orada iş rejimi pozulur, yoxlama adı altında müxtəlif təfriqələr yaradılır. Özü də bu polis hücumları radiusunu, təsir dairəsini hər gün bir az da genişləndirir. Bununla daha çox iş adamını öz nəzarəti altına almağa çalışırlar. Bütün bunlar onu göstərir ki, hədəfdə həm də Azərbaycandan olan iş adamları, eləcə də orada işləyən azərbaycanlılardır. Kimlərsə bu iş adamlarının işini pozmaq, həmçinin orada öz ailəsi üçün muzdlu işlə məşğul olan və muzdlu mühacir funksiyasını yerinə yetirən azərbaycanlıları nə yolla olur-olsun sıxışdırıb ölkədən çıxarmaq məqsədi güdür. Bunlar çox yaramaz hərəkətlərdir və Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vurur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər