ABŞ Dövlət Departamentinin Ermənistanla bağlı yeni hesabatında bildirilir ki, “separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun ərazisinin böyük bir hissəsinə nəzarət etməkdə davam ediblər”.
Ermənistanı açıq-aşkar işğalçılıqda və separatçılığı dəstəkləməkdə ittiham edən bu hesabatı şərh edən Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib ki, ABŞ Dövlət Departamentinin son hesabatında yeni heç nə yoxdur və bu təsbit hər il təkrar olunur. Ən ziddiyyətlisi ondan ibarətdir ki, rəsmi Yerevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda yeni format təklif etməsi fonunda XİN nümayəndəsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi “hazırkı format çərçivəsində” problemin dinc yolla həllinə səy göstərdiyini əlavə edib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin də Ermənistanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin qəbuledilməz olduğunu bəyan etdikləri bir şəraitdə A.Naqdalyan ikiüzlü şəkildə qeyd edib ki, Yerevan “öz öhdəliklərini yerinə yetirir”.
"Azərtac"