20 Mart 2019 09:45
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın VII Qlobal Bakı forumu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi BMT tərəfindən dəstəklənir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə qlobal forumun Bakıda keçirilməsi bütün dünya siyasətçilərinin diqqətini paytaxtımıza cəlb etdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Forumda 55 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyini xatırladan deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirak edən dövlət başçılarını, baş nazirləri, eks-prezidentləri qəbul etməsi bu forumun əhəmiyyətindən xəbər verir: “Bakıda keçirilən beynəlxalq tədbirlərdə müzakirə olunan qlobal məsələlər, əldə edilən nəticələr, qəbul olunan standartlar ölkəmizin beynəlxalq nüfuzunun artması, dünya ölkələri arasında söz sahibi olması, beynəlxalq arenada ölkəmiz haqqında dəqiq və dürüst məlumatların verilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin geniş nitq söyləməsi bir daha forumun Bakıda keçirilməsinin önəmindən xəbər verir”.

Eldəniz Səlimov qeyd edib ki, forum həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatların tribunasından dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir: “Forum iştirakçılarınin ölkəmizin sosial-iqtisadi inkişafını öz gözləri ilə görməklə Azərbaycan reallıqlarını ölkələrində və iştirak edəcəkləri beynəlxalq tədbirlərdə dünyanın nəzərinə çatdıracağı şübhəsizdir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər