“Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü separatçı təklifdən imtina etməsinə dair səsləndirdiyi fikirlər ATƏT-in Minsk qrupunun bu açıqlamalara sərgilədiyi mövqedən irəli gəlir. Habelə, ATƏT sədri Miroslav Layçakın Bakıdan verdiyi bəyanat da, rəsmi İrəvanı Qarabağla bağlı ölçülüb-biçilmiş mövqe seçməyə məcbur edir”.
Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov belə deyib.
Onun sözlərinə görə, Paşinyanın Qarabağla bağlı verdiyi bəyanatlar bir-birinə ziddir:
“Bu ziddiyyətlər həm Ermənistanın daxili ictimai-siyasi reallıqlarından irəli gəlir, həm də Ermənistan ətrafındakı geosiyasi mənzərənin dəyişəcəyi ilə bağlı ehtimallardan qaynaqlanır. Ermənistandakı “məxməri inqilab”ın Soros Fondunun maliyyəm dəstəyi ilə həyata keçirildiyi birmənalıdır. Paşinyanı hakimiyyətə gətirən tərəf ondan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində konkret addımların atmasını istəyəcək. Bu, Ermənistanın Rusiyanın siyasi təsir dairəsindən çıxarmağa hesablanmış siyasətdir.
Daxili siyasi reallıqlar isə qüvvələr nisbəti kimi amillərdən irəli gəlir. Bu baxımdan, Paşinyanın vaxtilə seçkilərdə qalib gəldiyi “Qarabağ klanı”nı siyasi səhnədən tamamilə uzaqlaşdırmaq cəhdləri və Qarabağa olan məlum səfəri onun korporativ maraqlarından, həm Qərb qarşısında üzərinə götürdüyü öhdəliklərdən, həm də Rusiyadan edilən təhdidlərdən irəli gəlir. Yəni, daxili siyasi reallıqlar və geosiyasi proseslər Paşinyanı Qarabağla bağlı daha ölçülüb-biçilmiş və Ermənistanın bu günki müqəddaratını dəyişə biləcək addımlar atmağa məcbur edir”.
Elşən Manafov Paşinyanın geriyə addım atmasının digər səbəblərinə də toxunub:
“Azərbaycan Prezidenti İlham Əliyev də ATƏT sədri ilə görüşündə bir daha vurğuladı ki, Qarabağla bağlı mövcud formatın dəyişməsi mümkün deyil, Azərbaycan heç vaxt Qarabağdakı separatçı rejimlə danışıqlar masası arxasında oturmayacaq. Ümumiyyətlə, dünyada özünə hörmət edən heç bir dövlət terrorçu və separatçı bir rejimlə danışıqlara getməyib. Avropanın özünün də, separatizmdən əziyyət çəkdiyi bir vaxtda, Paşinyanın separatçıları siyasi masa arxasında oturtmaq səyləri Avropanın da diqqətindən yayınmadı.
Digər yandan, Paşinyanı geriyə addım atmağa məcbur edən əsas amillərdən biri də Azərbaycan ordusunun son təlimləridir. Paşinyan Azərbaycanın müharibə ritorikasını və hərbi gücünü görür, buna görə də daha ölçülüb-biçilmiş addımlar atmağa məcbur olur. Onu da yaxşı bilir ki, Azərbaycanın səbr kasasının dolub-daşması Paşinyanın özü üçün də başağrısına çevrilə bilər”.