19 Mart 2019 20:30
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefasına Azərbaycan nöqteyi-nəzərdən baxmağa çalışaq. Nazarbayevin xarici siyasəti mövcud reallıqlara uyğun idi. Qazaxıstan Nazarbayevin prezident kürsüsündə oturduğu 28 ildə sözdə (oxu: zorən) Rusiyanın strateji müttəfiqi olarkən bir çox istiqamətlərdə fəal siyasət yürüdür, Çin, ABŞ və Avropa ilə də sıx əlaqələr qurmuşdu. Nazarbayev son illər milli siyasətə də önəm verir, latın qrafikasına keçmiş, türkçülük ideologiyasının inkişafına diqqət yetirir, ölkə tarixinin öyrənilməsinə diqqət yetirirdi".

Teleqraf.com xəbər verir ki, bu fikirlər siyasi ekspert Elxan Şahinoğluna məxsusdur.

Ekspertin sözlərinə görə, bu illərdə Qazaxıstanla Azərbaycan arasında da sıx əlaqələr formalaşmış, regional layihələrdə ortaqlıq mövcuddur: "Nursultan Nazarbayev bir neçə dəfə Azərbaycana səfər etmiş, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünə real dəstək verir, İrəvanın Qarabağ separatçılarını Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi fəallıqla bağlı təxribatlarının qarşısını alırdı. Nazarbayev yaşına və ağlına görə türk dünyasının ağsaqqalı sayılır. Nazarbayevin yerinə prezident kürsüsünə kim gələcəksə, onun da Azərbaycanla sıx əməkdaşlığını arzulayırıq. Əsas odur ki, Astananın Cənubi Qafqaz siyasətində ciddi korrektə olmasın, Nazarbayevin siyasəti davam etsin. Fikrimcə, Nazarbayev nə qədər ki, Təhlükəsizlik Şurasının sədridir, yeni prezidentin xarici siyasət kursunun dəyişməsinə imkan verməyəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər