“ABŞ Prezidenti Donald Tramp yenə ortalığı qarışdırdı. Ağ Ev sahibi deyib ki, Qolan Təpələrini İsrail ərazisi kimi tanıya bilər. Qolan Təpələrinin sahibi Suriyadır. Bəşər Əsədi bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, Qolan Təpələri Suriyaya məxsusdur”.
Teleqraf.com xəbər vrir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, İsrail 1967-ci ildə 4 günlük savaşda Suriya üzərində qələbə çalaraq Qolan Təpələrini ələ keçirib hə həmin bölgəni strateji yüksəklik sayaraq gerçək sahibinə qaytarmır:
“İsrail parlamenti 1981-ci ildə “Qolan Təpələri” haqqında qanun qəbul edib. Bu qanuna görə təpələr İsrail ərazisi kimi elan edilib. Buna baxmayaraq, beynəlxalq aləm işğalı tanımayaraq, Qolan Təpələrini Suriya ərazisi sayır. Gələn həftə isə İsrail Baş naziri Binyamin Netanyahu Vaşinqtona səfər edəcək. Görünür, Tramp Netanyahuya qərarını onun özünə Ağ Evdə elan edəcək.
Yaxşı ki, Trampın ermənilərlə yaxınlığı yoxdur, yoxsa ya Dağlıq Qarabağın “müstəqilliyini” tanıyar, ya da Ermənistan “ərazisi” sayar. Hər halda Tramp Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini anlayır və bizim məsələdə səhv addım atmaz. Ancaq Amerikada Azərbaycanın əhəmiyyətini anlamayanlar da var.
Məsələn Amerikada prezidentliyə namizədliyini irəli sürən demokrat konqresmen Tulsi Qabbard prezident seçiləcəyi təqdirdə qondarma erməni soyqırımını tanıyacağını, habelə Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində qurulan oyuncaq “DQR”-in “təhlükəsizliyinə” dəstək verəcəyini açıqlayıb”.