29 Mart 2019 09:01
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada ölkənin siyasi həyatı üçün taleyüklü hadisə hesab edilən prezident seçkisinin səsvermə mərhələsinin başlanmasına bir neçə gün qalır. Məhz prezident seçkiləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi sferasına ciddi təsir edən həlledici siyasi hadisədir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, seçkdə hazırkı prezident Petro Poroşenkonun qalib gəlmə şansı yüksəkdir və əsas favorit sayılır:

“Qərb məhz onu dəstəkləyəcək. Digər əsas namizədlər Yuliya Timoşenko və Vladimir Zelenskiyə gəldikdə isə Qərb bu şəxslərə dəstək verməyəcək. Baxmayaraq ki, seçicilər arasında hər iki namizəd populyardır”.

Onun sözlərinə görə, P.Poroşenko Rusiyaya qarşı Qərbin əsas dəstək verdiyi şəxsdir və ikinci belə bir namizəd yoxdur:

“Nəzərə almaq lazımdır ki, Rusiya ilə Qərb arasında siyasi qarşıdurma yeni müstəviyə daxil olur. Belə olan təqdirdə Qərb üçün Ukraynada növbəti seçkilərdə siyasi platforması Qərbin maraqlarına uyğun gələn Poroşenkodur. Digər iki namizədin reytinqi yüksək olsa da, sürpriz gözlənilmir. Artıq Rusiya da Ukrayanda strateji cəhətdən uduzduğunun fərqindədir və yaxşı bilir ki, seçkilərin qalibi Poroşenko olacaq. Prezident Poroşenko Rusiya üçün arzuolunmaz siyasətçidir”.

M.Əsədullazadə hesab edir ki, Rusiya Krımı ilhaq etdiyinə, habelə Donbasdakı fəaliyyətinə görə xalq tərəfindən rusofil siyasətçinin seçkilərdə əhalinin rəğbətini qazanmaq şansı itib:

“Xalq Rusiyanı birmənalı olaraq təcavüzkar kimi qəbul edir. Ona görə də Rusiyanın hazırkı situasiyada Ukraynanın siyasətinə təsir imkanları yetərsizdir. Rusiya Donbas və Krımdan çəkilsə belə xalqın rəğbətini qazana bilməyəcək. Ümumiyyətlə, Ukryanada Rusiya meyilli siyasətçilərin yenidən hakimiyyətə gəlmək şansı sıfıra bərabərdir”.

Politoloq hesab edir ki, seçkidən sonra Donbasada hərbi əməliyyatlar yeni fazaya keçə bilər:

“Rusiya Ukrayna hökumətinə bir müddət təzyiq edəcək. Hazırda isə Moskva Şərqi Ukraynada müharibənin alovlanmasında maraqlı deyil. Yeni əraziləri ələ keçirmək artıq Rusiyanın məğlubiyyəti ola bilər. Çünki hazırda güclü Ukrayana ordusu separatçılara zərbə endirməyə qadirdir”.

M.Əsədullazadə onu da bildirib ki, Ukrayna-Azərbaycan ikitərəfli əlaqələri seçkidən sonra da inkişaf edəcək:

“Ukraynada hakimiyyətə hansı qüvvənin gəlməsindən asılı olmayaraq, iki ölkənin əməkdaşlığı irəliyə doğru gedəcək. Çünki bu əlaqələr strateji xarakter daşıyır. Hər iki ölkənin bir çox məsələdə maraqları üst-üstə düşür”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər