1 Aprel 2019 11:26
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi dayaqlarının zəiflədiyini göstərir”.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, AKP Millətçi Hərəkat Partiyası (MHP) ilə blok (“Cümhur İttifaqı”) qurmasaydı, İstanbul və digər böyük şəhərlərdə məğlub olacaqdı:

“Hazırda Türkiyədə prezident institutu güclü oluğu üçün əsas siyasi hakimiyyət Rəcəb Tayyib Ərdoğanın əlindədir. Bələdiyyə sistemi isə əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Bu baxımdan hesab edirəm ki, növbəti seçkilərdə MHP AKP-yə verdiyi dəstəyi dayandırsa, AKP iqtidardan gedə bilər. Bu fonda CHP və İyi Partiyanın Ankarda və digər şəhərlərdə qələbə qazanması göstərir ki, bu ittifaq siyasi səhnədəki yerini gücləndirir.

Türkiyədə xalq artıq dəyişikliyə maraqlıdır. AKP-nin təkbaşına seçkilərdə məğlub olacağı açıq formada görünür. Hesab edirəm ki, növbəti seçkilərdə MHP AKP-dən ayırılarsa, Türkiyə tarixində böyük dəyişikliklər ola bilər.

Ərdoğan bundan sonra çalışacaq ki, xalqın siyasi dəstəyini qazanmaq üçün yeni islahatlara getsin. Amma bu islahatlarda səmərə verməyə bilər”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, İyi Partiya və CHP-nin yaratdığı blok növbəti seçkilər dönəmində həlledici səs ala bilərlər: “Hesab edirəm ki, hər iki partiya bu seçkilərdən sonra ittifaqlarını daha da möhkəmləndirəcək. Digər yandan, Ərdoğanın keçmiş dostları – sabiq baş nazir Əhməd Davudoğlu, eks-prezident Abdullah Gül və Abdullatif Şener yeni partiya təsis edib aktiv siyasətə qoşularlarsa, CHP- İyi Partiya bloku ilə müttəfiqliyə gedə bilərlər. Bu da Türkiyədə yeni dəyişikliklər deməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər