4 Aprel 2019 12:40
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnanmıram ki, Rusiyadan S-400 kompleksi aldığına görə Türkiyə NATO-dan çıxarılsın. Türkiyə NATO-nun ən güclü üzvlərindən biridir. Üstəlik Türkiyə özünə inanan, müstəqil siyasət aparan dövlətdir. Türkiyə bir dövlət kimi hansı situasiyada hansı addım atacağını yaxşı bilir.

Bu fikirləri Teleqraf.com-a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, böyük dövlətlərin geosiyasi səhnədə öz maraqları var və bu maraqların nəticəsi açıq hiss olunur: “ABŞ və Rusiya kimi nəhəng dövlətlər öz maraqları çərçivəsində addımlar atır. Düşünürəm ki, bu vəziyyətdə Türkiyədə öz maraqlarını, təhlükəsizliyini qorumaq üçün müvafiq qərarlar verir. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə həmsərhəd olan ölkələrdə müharibə, gərginlik hökm sürür. Konkret olaraq Suriyada. Çox çətin bir durumda olan Türkiyə Rusiyadan S-400 kompleksləri almaq haqda qərar qəbul edibsə, deməli, bunun ciddi əsasları olub. Sırf hərbi- texniki cəhətdən S-400 haqqında danışsaq, deyə bilərik ki, bu kompleks dünyanın maraq dairəsindədir. Yəni bu kompleksləri ancaq Türkiyə almır, əksər ölkələr bu silahlarla maraqlanır. ABŞ-ın məsələni bu formada qaldırması, hətta NATO-da Türkiyəyə təzyiq göstərmək istəməsini anlamaq olar. Çünki ABŞ öz hərbi məhsulunu Türkiyəyə satmaq, öz silahını Türkiyə ərazisində yerləşdirməkdə maraqlıdır. Təbii ki, Türkiyəyə nə Rusiya, nə də ABŞ silah bağışlayır. Əksinə, Türkiyə bu silahı böyük pullar qarşılığında alır. Digər tərəfdən, Türkiyənin bu addımı siyasi, hərbi və iqtisadi əhəmiyyət daşıyır. Düşünürəm ki, Türkiyə rəhbərliyi heç vaxt tələsik addım atmır. Əgər indi belə bir addım atılırsa, deməli, ciddi əsaslar mövcuddur”.

Mütəxəssis Türkiyənin NATO-dan çıxıb-çıxmaması haqqında danışarkən deyib ki, Türkiyə ABŞ-ın addımı ilə oturub-duracaq bir dövlət deyil: “Türkiyə elə dövlət deyil ki, ABŞ-ın dediyi ilə oturub dursun. Biz bunu bilirik. Türkiyə Prezidenti Ərdoğan sözünün sahibidir və Türkiyənin müstəqil siyasətini, bir dövlət kimi söz sahibi olduğunu dünyaya nümayiş etdirib. Adətən NATO deyəndə biz əksər hallarda ABŞ-ı nəzərdə tuturuq. Əgər ABŞ təzyiqləri davam etdirsə və Türkiyəyə bu fonda hədə-qorxu gələrək, onun maraqlarına toxunmağa başlasa, düşünürəm ki, Türkiyə müstəqil addım atacaq. Yəni vəziyyətdən asılı olaraq, öz maraqlarına uyğun hərəkət edəcək. Amma fikrimcə, NATO ölkələri ümumiyyətlə, Türkiyənin NATO-dan çıxmasını dəstəkləməyəcək. Ona görə yox ki, Türkiyəni sevirlər. Ona görə ki, Türk Silahlı Qüvvələri NATO-da ən güclü silahlı qüvvələrdən biridir. Türk Silahlı Qüvvələrinin Suriya ilə sərhəddə keçirdiyi əməliyyatların nəticəsini hamı görür. Biz çox döyüşkən ordu heyəti, mənzil qərargah mütəxəssislərini, əməliyyatları dəqiqliklə planlaşdıran komandir-zabit heyətini görürük. Əslində biz bu məsələləri həm mütəxəssislərlə, həm də keçirdiyimiz görüşlərdə müzakirə edirik. İndiki halda hər şey ABŞ-ın Türkiyənin maraqlarına toxunub-toxunmayacağından asılıdır. Əgər bu maraqlara toxunulsa, Türkiyə heç NATO-da da qalmayacaq. Türkiyə güclü dövlətdir, özünəməxsus hərbi sənayesi və güclü ordusu var. Yəni Türkiyə NATO-da olmasa, bundan ən çox itirən alyansın özü olacaq. Üstəlik Türkiyənin NATO-dan çıxması bu alyansda domino effekti yaradacaq. Çünki ABŞ-ın belə formada davranması, digər NATO ölkələrinə təzyiq göstərməsi ciddi narazılıq yaradacaq. Nəzərə almaq lazımdır ki, Türkiyə nə hansısa Avropa ölkəsi, nə də NATO-nun digər ölkəsidir. Türkiyə tarixi olan dövlətdir və hər zaman mövqeyini ifadə edən müsəlman ölkəsidir”.

Xatırladaq ki, ABŞ-ın NATO-dakı təmsilçisi Kay Bali Hatçison Türkiyənin Rusiyadan “S-400” raket sistemlərinin alışını dayandırmayacağı halda, alyansdan çıxarılıb-çıxarılmayacağı haqda danışıb. Hatçison NATO-nun bu məsələdən narahatlıq keçirdiyini, Rusiyadan silah alınmasının yanlış olduğunu bildirib. Amerikalı diplomat qeyd edib ki, Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri almasından ABŞ da narahatdır: “Çünki bu, tərəflər arasında məlumat mübadiləsinin və təmasların kəsilməsinə yol aça bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər