ABŞ-da keçirilən NATO ölkələri xarici işlər nazirlərinin toplantısı Rusiyanın artan aqresiyasına alyansın cavab tədbirlərinin hazırlanması və mümkün planların reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, hazırda Qara dənizdə Rusiya-NATO qarşıdurması açıq müstəviyə keçir, tərəflər dənizdə bir-birlərinə əzələ nümayiş etdirir:
“Bu da regionda yeni risklərin ortaya çıxması deməkdir və geopolitik qarşıdurmanı dərinləşdirir. Həmçinin, bu geostrateji qarşıdurmanın Cənubi Qafqaza da təsirləri qaçılmaz olur. NATO-nun Gürcüstanda güclənməsi bunun əyani göstəricisidir”.
Siyasi şərhçi bildirib ki, Rusiyanın Qara dəniz hərbi donanmasını inkişaf etdirməsi, Krımda S-400 raketləri yerləşdirməsi, hətta nüvə silahının da yarmadada olması kimi mesajların verilməsini nəzərə aldıqda Qara dəniz hövzəsinin yeni münaqişə mərhələsinə keçdiyini söyləmək mümkündür:
“Azov böhranından sonra NATO Ukraynanı qorumaq üçün öz hərbi donanmasını bu istiqamətdə yerləşdirməkdədir. Kremlin nüvə silahını Krımda yerləşdirməsi və Qara dəniz donanmasını Ukrayna sahillərində güc nümayişinə çıxarması Şərqi Avropada NATO-ya təhdid yaradır. Faktiki olaraq Qara dənizdə bu gün silahlanma yarışı baş verir və NATO-Rusiya açıq rəqabət toqquşması meydanına çevrilib”.
Siyasi şərhçi onu da bildirib ki, NATO-nun bu regionda güclənməsi Azərbaycanın alyansa inteqrasiyasını sürətləndirməkdədir:
“Azərbaycanın təhlükəsizliyinin təminatı məhz avrointeqrasiyadadır. Zənnimcə, rəsmi Bakı Qərblə əlaqələri yeni müstəviyə çıxarmalı, Rusiya ilə Qərb arasında mümkün rəqabət fonunda öz ərazi bütövlüyünün təmin olunmasına çalışmalıdır. NATO-nun regionda əsas strateji önəm verdiyi Azərbaycan və Gürcüstandır. NATO məhz Azərbayvan üzərindən Mərkəzi Asiyaya çıxış əldə edir”.