5 Aprel 2019 23:28
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirləri - Elmar Məmmədyarovla Sergey Lavrov arasında görüş keçirilib. “Report”a müsahibəsi zamanı xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağmünaqişəsinin həlli, bunda Rusiyanın rolu, ictimaiyyətin sülhə hazırlanması barədə fikirlərini çatdırıb.

- Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli hansı mərhələdədir?

- Vyana görüşü münaqişənin həllinin çətinliklə də olsa, mümkünlüyünü göstərdi. Əlbəttə ki, bunun tez başa gələcəyini heç kəs ummur. Görün, Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşündən üç saat sonra Ermənistan müdafiə naziri hədə-qorxu dolu bəyanat verir. Bunun sırf daxili auditoriyaya ünvanlandığını başa düşürəm. Çünki hətta mən hərbdən uzaq adam ola-ola hücum və müdafiə silahlarının fərqli olduğunu bilirəm. Həmçin danışıqlarla bağlı dediklərimizin mahiyyətinə varmaq lazımdır. Mən həmişə erməni dostlarımızdan soruşuram: 30 ildir bu münaqişə gedir, Ermənistan vətəndaşlarına bunun nə faydası olub, görəsən? Ölkədə yoxsulluq səviyyəsi 40 faizdən yuxarı, perspektiv görünmür, demoqrafik vəziyyət fəlakət həddində, ən ağıllı kim varsa, baş götürüb qaçır. Bütün bunlar bir çarə axtarıb tapmağı zəruri edir. Burada Azərbaycan tərəfinin də dəfələrlə səsləndirdiyi çox sadə bir məntiq var: öz torpağımızı götürüb Aya gedə bilmərik. Odur ki, qonşu ölkələrlə dil tapıb mehriban münasibətlər qurmağa çalışmalıyıq. Ermənilər diasporlarının köməyinə bel bağlayırlar.

Yoldaşı və iki oğlu ilə birlikdə ABŞ vətəndaşlığından imtina edən Vardan Oskanyandan başqa, həmin o diaspordan Ermənistanda məskən salan varmı!? Bircə nəfər də yoxdur. Deməli, etimad yoxdur. Məncə, vəziyyəti təhlil edərkən bunlar mütləq dərk olunmalıdır.

Diplomatiyada təmas nöqtələrini tapmaq üçün özünü müsahibinin yerinə qoymaq bacarığı çox mühümdür. Bunun çətin olacağını, əhalini sülhə hazırlamağın zəruri olduğunu başa düşürük. Ermənistan tərəfi torpaq müqabilində barışığı məqbul saymadıqlarını bildirir. Hər nə qədər razılaşmasam da, məsələni başqa cür qoyaq: rifah naminə barışıq.

Ermənistan bu münaqişədən nələr əldə edib? Onlar da vaxtaşırı bizim nə əldə etdiyimizi soruşur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, dəmir yolları, avtomobil yolları çəkilir, neft kəmərləri tikilib, Cənub Qaz Dəhlizi və s. Misalları çox çəkə bilərəm. Azərbaycan regionun iqtisadi lider ölkəsinə çevrilib. Azərbaycanla münasibət qurmadan Ermənistanın gələcəyi yoxdur. Söhbət müstəqillikdən gedir.

- Hazırda Azərbaycanda əhalinin sülhə hazırlanması üçün işlər görülürmü?

- Əlbəttə, bu məsələ gündəmdədir. Lazım gəlsə, jurnalistlərin qarşılıqlı səfərlərini də təşkil edə bilərik. Bu məsələni elə Sergey Lavrovla da müzakirə etdik. Azərbaycanın fikrincə, daha bir bəyanat verməklə irəli getmək zərurətini əsaslandırmaq lazımdır.

- Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətinizdə hansı məsələlər müzakirə olundu?

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təfərrüatı müzakirə etdik. Cənab Lavrov çox təcrübəli diplomatdır və bu münaqişənin həllində maraqlı olduğu hiss olunur. Hələlik bu məsələni yalnız mənimlə müzakirə edib. Sözsüz ki, işğal olunmuş ərazilər nə qədər tez boşaldılsa, bizim üçün bir o qədər məqbuldur. Hərçənd, təbii ki, o, bu məsələ barədə Ermənistan xarici işlər naziri ilə də danışıqlar aparacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər