Amerika-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Ancaq əlavə edim ki, bu münasibətləri istəməyən qüvvələr də var.
Bu fikirləri Teleqraf.com-a bu yaxınlarda ABŞ-a səfər edən Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O xatırladıb ki, ABŞ-da çox peşəkar , güclü və zəngin erməni diasporu bu münasibətləri pozmaq üçün əlindən gələni edir: “Hər bir amildən istifadə edirlər. Ermənin arxasında duran digər qüvvələrə bağlı olan şəxslər Azərbaycana qarşı informasiya müharibəsi aparır. Baxın, erməni diasporunun ən güclü olduğu ölkələr ABŞ, Fransa və Rusiyadır. Bu ölkələr həm də Minsk Qrupunun həmsədrləridir. Bəlkə bu diasporun fəaliyyəti nəticəsində indiyə qədər həmsədrlər institutu real nəticələr əldə edə bilməyib. Azərbaycanın dünya, nüfuzlu ölkələrlə münasibətlərini pozmaq istəyən əsas bu qüvvədir. Mən bu müharibəni qarşımızda mühüm hədəf kimi görürəm. Müharibə təkcə səngərdə getmir, bütün cəbhələrdə gedir. Azərbaycanı zəiflətmək, problemlər yaratmaq istəyən qüvvələr kifayət qədər güclüdürsə, deməli biz də səfərbər olmalıyıq. Həm rəsmi diplomatik, həm parlament diplomatiyası sahəsində. Mən istərdim ki, dünyada Azərbaycanın dostlarının şəbəkəsi güclənsin ki, bizə qarşı olan yalan kampaniyasından özümüzü müdafiə edə bilək”.
Azərbaycan-Rusiya münasibətləri haqqında danışan deputat əlavə edib ki, Azərbaycanın bütün qonşuları, həmçinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq, münasibətləri inkişaf etdirmək istəyi var: “Azərbaycan bu istiqamətdə bütün zəruri addımları atıb. Təbii olaraq problemlər hər zaman mövcuddur. Bir daha təkrar edirəm ki, Rusiya erməni diasporunun ən güclü olduğu məkanlardan biridir. Onların da Azərbaycan-Rusiya münasibətlərini pozmaq üçün fəaliyyəti göz önündədir”.