9 Aprel 2019 18:21
651
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransanın nüfuzlu “Opinion Way” sorğu mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələri hər şeydən öncə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyinin dayanması ilə bağlıdır. Əslində cəmiyyətimizi sosioloji kontekstə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün rəy sorğusunun nəticələri gözlənilən idi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasının professoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, bu kontekstdə önə çıxan başlıca məsələlərdən biri isə Prezident İlham Əliyev tərəfindən ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunması ilə bağlı respondentlərin qiymətləndirməsidir:

“Burada rəyi soruşulanların 90 faizdən çoxu sabitliyin qorunmasını yüksək qiymətləndirdiklərini bildirirlər. Bu cür yanaşma sıravi azərbaycanlının strateji düşünmə bacarığının olmasından xəbər verir. Yəni respondent bilir ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkün deyil”.
H.Babaoğlu bildirib ki, ikinci mühüm məsələ regionların inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir:

“Burada da müsbət rəy 90 faiz ətrafındadır. Doğrudan da regionlarımızın inkişafı daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq ardıcıl dövlət proqramları həyata keçirilib. Nəticə göz qabağındadır; abad yollar, qaz və elektrik enerjisi ilə təchizat, sosial obyektlərin və idman qurğularının tikilməsi, regional sağlamlıq mərkəzlərinin yaradılması, iş yerlərinin açılması və sair. Buna paralel olaraq regionların iqtisadi zonalara bölünərək hər iqtisadi zonanın xarakterinə uyğun modern iqtisadiyyatın qurulması kimi işlər yeni reallıqlar formalaşdırıb. Bütün bunlar hazırkı regionlarımızın real mənzərəsini təşkil edir və vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir.
Heç şübhəsiz ki, sosial sahədə inqilabi islahatların aparılması da respondentlərin diqqətindən kənarda qalmayıb və növbəti yüksək rəy alan blokda öz əksini tapıb. Şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veteranlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əmək haqlarının orta aylıq əməkhaqlarına yaxınlaşdırılması, problemli kreditlər məsələsinin həll olunması və digər bu kimi işlər vətəndaşlarımızın müsbət rəy ifadə etməsini təmin edib. Eyni zamanda idarəetmədə aparılan islahatlar, xarici siyasət, ordu quruculuğu işlərindəki böyük uğurlar da respondentlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə isə aydın olub ki, ötən bir ildə görülən işlər əslində 15+1 formulu kontekstində qiymətləndirilib və Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin və məntiqlidir. Əgər 15 il ərzində həyata keçirilən işlər olmasaydı hazırda son bir ildə bu qədər böyük işlər görmək də olmazdı”.

Qeyd edək ki, Fransanın nüfuzlu “Opinion Way” sorğu mərkəzi fevral və mart aylarında Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə geniş rəy sorğusu keçirib. Bütün sorğu istiqamətləri üzrə Azərbaycan Prezidentinin fəaliyyəti sorğuda iştirak edən respondentlər tərəfindən yüksək qiymətləndirilib və əsas məsələlərdə rəy bildirənlər ölkə başçısının fəaliyyətini təqribən 90 faiz ətrafında müsbət qiymətləndirib.

Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər