16 Aprel 2019 13:43
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-NATO münasibətləri Ukrayna böhranından sonra pisləşməyə başladı. 2014-cü ilin fevral-mart aylarında Rusiyanın əvvəlcə Krımı ilhaq və işğal etməsi, sonra isə Ukraynanın şərqində münaqişə zonası yaratmasından sonra NATO-nun siyasətində dəyişiklik yarandı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Şahin Cəfərli deyib.

O qeyd edib ki, 2014-cü ildə NATO-nun Uels sammitindən üzü bəri NATO-nun strategiyalarına yenidən baxıldı, xüsusən 2016-cı ildə Varşavada keçirilən NATO sammitində bu istiqamətdə tarixi qərarlar qəbul olundu və yeni strategiyalar müəyyənləşdirildi:

“Buna əsasən, Rusiya ilə həmsərhəd olan NATO ölkələrinin ərazisində NATO-nun hərbi infrastrukturunun yaradılmasına başlandı və ora NATO ölkələrinin əsgərlərindən ibarət taborlar yerləşdirildi. Bundan sonra NATO-nun Çevik Reaksiya Qüvvələrinin sayı artırıldı və təchizatı gücləndirildi. Eyni zamanda Rusiyanın Krımı ələ keçirməsindən sonra Qara dənizdə güclənməsinin və nüfuzunun daha geniş yayılmasının qarşısını almaq üçün NATO da öz növbəsində Rumıniya ərazisində çoxmillətli briqadanın yaradılmasına qərar verdi. Yəni, NATO-nun daimi əsasda Rumıniya ərazisində çoxmillətli briqadası formalaşdırıldı. Eyni zamanda NATO ölkələrinin gəmiləri Qara dənizdə daha tez-tez görünməyə başladı və bu proses 2019-cu ildə daha da güclənib. NATO gəmiləri – alyansın aparıcı ölkələri olan ABŞ, Britaniya və Fransanın hərbi gəmiləri Qara dənizə artıq daha tez-tez daxil olur və burada üzürlər. Bütün bunlar Rusiyanın durdurulmasına, onun nüfuz dairəsinin genişləndirilməsinin qarşısını almağa yönələn yeni strategiyaların tərkib hissəsidir”.

Ş.Cəfərli əlavə edib ki, hal-hazırda iki tərəf arasında “Soyuq müharibə” dövründəkinə bənzəyən münasibətlər yaranıb:

“Yəni, tərəflər arasında “Soyuq müharibə” dövründə bir tərəfdə SSRİ, digər tərəfdə Amerika və NATO arasındakı münasibətlərə müəyyən qədər oxşayan münasibətlər formalaşıb. Düzdür, “Soyuq müharibə” dövründə iki ideoloji blok arasında konflikt var idi. Yəni, sosialist blok və kapitalist blok. Hal-hazırda tərəflər arasında belə bir ideoloji münaqişə yoxdur. Eyni zamanda Rusiya da SSRİ qədər qüdrətli deyil. Amma buna baxmayaraq, Rusiya öz əlindəki imkanlardan çox effektiv istifadə etməyi bacaran bir ölkədir və NATO-ya, Amerikaya kifayət qədər problem yaratmaqdadır. Təkcə Avropada yox, dünyanın digər qitələrində də, məsələn Venesuelada Rusiya Amerikaya problem yaradır. Eyni zamanda Şimali Koreya ilə Amerika arasındakı dialoqun uğursuz nəticələnməsinə Rusiya və Çinin müəyyən təsirləri var. “Soyuq müharibə” dövrünə bənzəyən bir situasiya yaranıb. Bununla belə mən inanmıram ki, bu münasibətlər daha da kəskinləşib müharibəyə çevrilsin. Yəni, mən “isti müharibə” ehtimalını görmürəm. Sadəcə olaraq tərəflər “kim kimi yordu” prinsipi ilə bu konflikti davam etdirəcəklər. Kimin resursu, kimin gücü tükənəcəksə, ondan sonra yəqin ki, məsələ həll olunacaq, konflikt yoluna qoyulacaq. Hələlik yaxın gələcək üçün mən belə bir perspektiv görmürəm. Bu rəqabət bir müddət davam edəcək”.

Qeyd edək ki, Rusiya XİN-in müavini Aleksandr Qruşko NATO ilə Rusiya arasında hərbi və mülki sahədə əməkdaşlığın tamamilə dayandırıldığını bildirib. Nazir müavini qeyd edib ki, Rusiya NATO ilə hərbi qarşıdurmanın bütün bəşəriyyət üçün fəlakətə çevriləcəyi üçün bunun baş verməyəcəyinə ümidvardır. Eyni zamanda Polşanın “Rzeczpospolita” qəzeti ABŞ Prezidenti Donald Trampın sentyabrın 1-də Varşavaya gələcəyini və Amerikanın hərbi mövcudluğunun genişləndirilməsini elan edəcəyini yazıb. Qeyd olunub ki, D.Trampın səfəri sentyabrın 1-də Polşada İkinci Dünya müharibəsinin başlamasının 80 illiyi ilə bağlı tədbirlər çərçivəsində baş tutacaq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər