16 Aprel 2019 15:40
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın nüfuzlu “Novaya Rossiyskaya Ensiklopediya”sının 15-ci cildində işğal altında olan Xankəndi şəhəri haqqında obyektiv məqalə dərc olunub.

Teleqraf.com xəbər verir ki, təhsil eksperti Etibar Əliyev ensiklopediyanın baş redaktorlarının erməni əsilli akademik V.İ.Danilov-Danilyan və akademik A.D.Nekipelov olduğunu qeyd edərək məqalənin tərcüməsini sosial şəbəkələrdə paylaşıb.

“Novaya Rossiyskaya Ensiklopediya”sının 294-cü səhifəsində olan məqalədə deyilir: “Stepanakert (azərbaycanca adı-Xankəndi). Azərbaycanda şəhər. Tanınmamış Dağlıq Qarabağ Respublikasının paytaxtı. Əhalisinin sayı 53,3 min nəfərdir (2012). Azərbaycan hökumətinin nəzarətində olan şəhərlərlə əlaqəsi kəsilib. Avtomobil yolu Şuşa-Qoris-Yerevan.

Əhalinin köçürülməsi orta əsrlərdən başlayıb. XIX əsrin əvvəllərində Xankəndi adı ilə Rusiya imperiyasının tərkibində olub. Xankəndi adını 1923-cü ildə Bakı kommunasının rəhbərlərindən biri olan Stepan Şaumyanın adı ilə dəyişiblər. 1923-91-ci illərə qədər Dağlıq Qarabağ Muxtar Vilayətinin Mərkəzi Azərbaycan SSRİ-nin tərkibində olub. 1987-ci ildə etnik zəmində ermənilərlə azərbaycanlıların toqquşması Qarabağ münaqişəsinin yaranmasına səbəb oldu.

1980-ci illərin sonu, 90-cı illərin hərbi toqquşmalarının nəticəsində azərbaycanlılar şəhəri tərk edib.

Şəhərdə yüngül (ayaqqabı və başqa) və yeyinti sənayesi (şərabçılıq və başqaları) müəssisələri var. Görməli yerlər: mərkəzi meydanda inzibati binaların ansamblı (1960-70-ci illərdə inşa olunub, “Biz - bizim dağlarımızıq” monumenti (1967), Arsax dövlət Universiteti (əsası 1969-cu ildə qoyulub, indiki statusunun tarixi 1992-ci il), Tarix-ölkəşünaslıq muzeyi, V. Papazyan adına dram teatr (1932-ci il) 11 km şimaldan cənuba doğru Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri yerləşir. Bu şəhərdə XVIII-XIX əsrlərdə tikilmiş yuxarı Gövhər-ağa məscidi və çox saylı tarixi abidələr yerləşir”.

Etibar Əliyev ensiklopediyanın tam nəşrinin başa çatmadığını, 30 cild nəzərdə tutulduğunu bildirib.

Erməni əsilli akademikin redaktoru olduğu ensiklopediyada obyektiv məqalənin dərc olunması sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər