18 Aprel 2019 09:01
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Rasim Ağayev Teleqraf.com-un suallarını cavablandırıb.

Politoloqla müsahibəni təqdim edirik.

- Rasim müəllim, uzun illər Liviyada işləyən mütəxəssis kimi indi bu ölkədə baş verənləri necə qiymətləndirirsiniz?

- Liviyada hazırda vətəndaş müharibəsi gedir. Bu müharibə 2011-ci ildə Suriya lideri Qəddafinin ölümü ilə başlayıb.

Liviyanın siyasi səhnəsində, adətən, bir neçə güclü tayfa qrupları fəaliyyət göstərib. Bu tayfaların hər birinin ordusu, tərəfdarı, silahı olub. Onların arasında dava-qırğından sonra indi iki güclü hərbi-siyasi qüvvə qalıb. Biri Milli Barışıq Hökuməti adlandırılan Faiz Sarac hökumətidir. Faiz Sarac güclü siyasətçidir, qərbyönümlüdür, tayfası böyükdür və hər yerdə təmsil olunur.

İkinci güc mərkəzi isə əsasən Liviyanın şimal-şərq regionunu əhatə edir və oradakı qüvvələr parlament ətrafında toplaşıb. Burada da müvəqqəti hökuməti yaradılıb və onun başında Abdulla Əbdürrəhman ət-Tanini durur.

Adətən, ordu kimin nəzarətində olursa, həmin şəxsin hökumət qurmaq, genişlənmək şansları çox olur. Hazırda Liviya milli ordusunu neçə ildir ki, feldmarşal Xəlifə Haftar rəhbərlik edir. Ona bu vəzifəni parlament verib. Hazırda bu iki güclü qüvvə arasında Liviya uğrunda savaş gedir.

- Xəlifə Haftar haqqında hansı məlumatlarınız var?

- Mən Liviyada işləyərkən onunla görüşmüşəm, müsahibələr etmişəm. Jurnalistləri heç xoşlamırdı, daim kölgədə qalmağı sevirdi. Çox qəribə adam təsiri bağışlayırdı. Qəddafi olmayanda Haftar demək olar ki, onu az qala əvəz edirdi. Qəddafinin sağ əli hesab olunurdu.

1986-cı ildə Qəddafi Afrikada müharibə aparırdı. Müharibə zamanı Haftar əsir düşdü. Onu əsir götürəndə Liviya pis vəziyyətə saldı, bu hadisədən sonra Qəddafi ümumiyyətlə Haftarı yaxınına buraxmadı. Haftar əvvəl gedib Kenyada yaşadı, ardınca Amerikaya köçdü. Beləcə Haftarın siyasi oriyentasiyası dəyişdi.

Liviyada ara qarışanda yenidən üzə çıxdı. 2015-ci ildən isə parlament onu Liviya milli ordusunun baş komandanı elan etdi. Hazırda feldmarşal rütbəsində orduya rəhbərlik edir.

- Sizcə, Haftarın Tripoliyə hücumunun arxasında hansı məqsəd var?

- Tripoliyə hücum etməklə feldmarşal Liviyada iki güclü mərkəzin olduğunu dünyaya göstərdi. Haftarın nəzarətində Tripolidən sonra Liviyanın ikinci ən böyük şəhəri var. Feldmarşal Tripolini almaq və özünün hökumətini qurmaq istəyir. Başqa sözlə, Liviyanı birləşdirmək fikrindədir.

- Buna nail ola bilərmi?..

- Müəyyən qədər nail olub, ancaq bunun üçün paytaxtı əldə etmək vacibdir. Hazırda Haftar əksər hərbi bazalara, zəngin neft yataqlarına nəzarət edir. Haftar ordusu hara hücum edirsə, yerli əhali oradan qaçıb gedir.

Yeri gəlmişkən, Haftarın Tripoliyə hücumundan sonra Faiz Saracın nazirlərindən bəzilərinin Tunisə keçdiyini qeyd edirlər. Hadisələrin inkişafı belə davam etsə, feldmarşal Tripolini alıb ölkənin yeni lideri olacaq.

- Sizcə, feldmarşalın zəif tərəfləri nədən ibarətdir?

- Fikrimcə, problem onun yaşının çox olmasındadır. Yaş məsələsi bizə elə ciddi görünməsə də, Liviya kimi ölkə üçün çox əhəmiyyət daşıyır. Bir ölkədə ki, vətəndaş müharibəsi, hərc-mərclik, hər tayfanın özünün ordusu var, deməli, oradakı ən güclü şəxs gecə-gündüz müharibə durumundadır.

Bu halda həmin liderin cavan olması daha əlverişlidir, nəinki 75 yaşında olması. Fikrimcə, Tripoliyə hücum edən qüvvələrin zəif nöqtəsi bundadır.

Yeri gəlmişkən, hazırda insanlar Tripolidən qaçırlar. Son xəbərlərə görə, şəhəri 200 minə yaxın insan tərk edərək köçkün düşüblər.

- Haftar ruslara daha yaxın deyilmi?

- Hər şeyin tarixi var. Haftar da keçmiş komandanı Qəddafi kimi Moskvada oxuyub. Səhv etmirəmsə, 1969-cu ilə qədər oxuyublar, sonra birlikdə Liviyaya qayıdaraq kralı yıxıblar. 1986-cı ilə qədər bu iki şəxs arasında həm münasibətləri çox yüksək səviyyədə olub, həm də SSRİ-yə daha yaxın idilər. Qəddafi özü də sovet hərbçiləri ilə oturub-dururdu, fikir mübadiləsi aparırdı. Eyni zamanda yeri gələndə müstəqil addımlar atırdılar. Məsələn, hansısa Afrika dövlətinə müharibə elan edir və göstərirdi ki, bizim ərəb məsələmizə qarışmayın. Yəni bunların hamısının başında imperatorluq keçirdi. Liviya zəngin dövlətdi... Sizə maraqlı bir fakt deyim. SSRİ Liviya ilə neft müqaviləsi bağlamışdı və bu neftin hesabına Kubanı saxlayırdı. Yəni Liviyadan neft Kubaya gedirdi.

Ancaq Qəddafi SSRİ-dən silah istədi, Moskva buna razı olmadı. Bu zaman Qəddafi Kubaya gedən nefti dayandırmaq qərarı verdi. Bizi dəfələrlə onunla görüşüb söhbət etməli olduğumuz deyirdilər. Amma Qəddafi bizi qəbul etmir, nazirlərini qabağa verirdi. Sonradan məsələ razılaşdırıldı və ruslar ona boyun oldular ki, silah verəcəklər. Bundan sonra Liviya nefti Kubaya gedə bildi.

- Haftar daha çox kimə yaxındır?

- Hesab edirəm ki, daha çox Amerikaya yaxındır və bu səbəbdən Vaşinqton Liviya məsələsində özünü rahat aparır. Ola bilsin ki, Haftar daha çox Avropa ilə əlaqə saxlayır. Bütün hallarda onun silahı rus istehsalıdır və Rusiyadan gəlir.

- Amerikanın adamı olub Rusiyadan silah almaq bir qədər ziddiyyətli deyilmi?

- Əslində Yaxın Şərqdə, Afrikada hamı belə durumdadır. Nəzərə alın ki, Liviyanın az qala 50 ilə yaxındır hərbi qüvvələrində rus silahları üstünlük təşkil edib. Onlar gəlib SSRİ-də oxuyurdular, bizim orada hərbi mütəxəssislərimiz işləyirdi və s. Yəni tarixi bağlılıq var. Sadəcə Qəddafi yıxılanda mütəxəssislər oranı tərk etdi, üstəlik Rusiyada vəziyyət yaxşı deyil və Qəddafiyə kömək edə bilmədi.

İndi Rusiyada sabitlik hökm sürür, ruslar regionda fəallaşıb. Bunda da Rusiyanın öz marağı var.

- Maraq nədən ibarətdir?

- Birincisi, Rusiyanın yeni kapitalistləri zəngin neft yataqları olan Liviyanı ələ keçirmək istəyirlər. İkincisi, Liviya Afrikanın mərkəzlərindən biridir. Liviyaya sahib olmaqla Afrika qitəsində güclənmək və öz təsirini yaymaq olar. Bunun üçün silah, sursat və eyni zamanda hərbçilər də var. Dediyim kimi, Liviyada hərbçilərin çoxu SSRİ məktəbinin yetirmələridir.


Müəllif: Cavad

Oxşar xəbərlər