17 Aprel 2019 16:42
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş verən inqilabdan sonra ABŞ-ın-Cənubi Qafqazda mövqeyinin güclənməsi gözlənilirdi. Çünki bu inqilabın əsas katalizatoru ABŞ-ın İrəvandakı səfirliyi idi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Vaşinqton bununla regionda öz geosiyasi mövqeyini gücləndirməsini hesablayırdı:

“ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri və İrəvanda verdiyi mesajlar Vaşinqtonun regional siyasətinin ştrixləri idi. Con Boltonun İrəvanda inqilabın müsbət nəticlənməsi və ölkənin Rusiyanın forpostluğundan çıxması üçün ilk növbədə işğalçılıq siyasətindən əl çəkməsinin və qonşularla münasibətlərin qurulmasının vacibliyini açıq qeyd etməsi yeni siyasi mərhələnin başlanğıcından xəbər verirdi.

Birləşmiş Ştatların inqilabda Paşinyana verdiyi dəstək buna əsaslanırdı. Amma Paşinyan Vaşinqtonun bu siyasətinə sadiq olmadı”.

Politoloq bildirib ki, regional münaqişələrin ədalətli və ərazi bütövlüyü çərçivəsində həlli Vaşinqtonun maraqlarına cavab verir:

“Qarabağ münaqişəsi də bu baxımdan istisna deyil. Amma baş nazir Nikol Paşinyanın parlamentdə qəbul etdirdiyi xarici siyasət strategiyasında Rusiyanın prioritet ölkə kimi qeyd edilməsi, Qarabağla bağlı heç bir güzəştə gedilməməsi barədə qeydlər, demək olar ki, Vaşinqtonun Paşinyana inamını itirməsinə gətirdi.

Nikol Paşinyanın bir illik hakimiyyətinə baxmayaraq Vaşinqtona dəvət edilməməsi, yüksək məbləğdə kreditlərin verilməməsi də ABŞ-ın Paşinyana inamsızlığından irəli gəlir. Paşinyan nə qədər can atsa da ABŞ rəhbərliyi Paşinyana eyni vaxtda iki stulda oturmaq imkanı tanımır. Bundan sonra da Paşinyan administrasiyasına ABŞ-ın heç bir etimadı gözlənilmir”.

Siyasi şərhçi onu da bildirib ki, N.Paşinyan öz hakimiyyətini qorumaq naminə ABŞ-ın regional siyasətinə qarşı çıxaraq Kremlin maraqlarını qorumaq xətti götürüb:

“Təbii ki, ABŞ bu proseslərə seyrçi qalmayacaq və İrəvana öz təzyiqini müxtəlif yollarla göstərəcək. Azərbaycan baş verən proseslər fonunda Vaşinqtonla diplomatik əlaqələri inkişaf etdirməlidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər